“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda konfrans başa çatıb
“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda konfrans başa çatıb
“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda ikigünlük beynəlxalq konfransın ikinci günü Bakıda keçirilib.
Konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.
Konfransın ikinci günündə açılış nitqi ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov konfransın regionda nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi, eləcə də çətinliklərin aradan qaldırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd olunub ki, son illər region ölkələri arasında əlaqələr daha da inkişaf edib, ölkələr arasında tranzit keçidlər artıb.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov tədbirin əhəmiyyətindən danışaraq konfransın regionun logistika potensialının öyrənilməsi, eləcə də təchizat zəncirinin inkişafı baxımından əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin gömrük orqanlarının ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması məqsədilə həyata keçirdiyi layihələr, tətbiq etdiyi yeniliklər barədə məlumat verilib.
Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə panel müzakirələr təşkil olunub.
Çıxış edənlər gömrük prosedurlarının təkmilləşdirilməsi, nəqliyyat-logistika sektorunun müasirləşdirilməsi, beynəlxalq dəhlizlər üzrə nəqliyyat xidmətlərinin rəqəmsallaşdırılması, logistika siyasətlərinin formalaşdırılması və yerinə yetirilməsi məsələləri barədə danışıblar.
Yekun sessiyada konfransın nəticələrinə dair fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi