“Gömrük-Biznes Forumu 2023” keçirilib
“Gömrük-Biznes Forumu 2023” keçirilib
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2023” keçirilib.
Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrinin, aparıcı media qurumlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi forum Ulu Öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin 1997-ci il 30 yanvar tarixində keçirilmiş beş illik yubiley tədbirində söylədiyi proqram xarakterli nitqindən hazırlanmış video-çarxın nümayişi ilə başlayıb.
Forumun açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, ötən 30 ildə Ümummilli Lider Heydər Əliyevin banisi olduğu milli dövlətçilik konsepsiyası əsasında ölkəmiz bütün sahələrdə uğurlu inkişaf yolu keçib. O da qeyd olunub ki, son illərdə Ulu Öndərin əsasını qoyduğu xarici ticarət sisteminin müasir və effektiv gömrük tənzimlənməsinin modernləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılıb. Tədbirin əhəmiyyətindən danışan Şahmar Mövsümov bildirib ki, forumda biznes nümayəndələri və dövlət qurumlarının təmsil olunması son dövrlər ölkəmizdə həyata keçirilən gömrük islahatlarının yaratdığı imkanları dəyərləndirmək, qlobal dəyər zəncirinə inteqrasiya, habelə davam edən ticarət rəqabəti şəraitində çağırışları müəyyən etmək üçün daha faydalı dialoq platformasının formalaşması baxımından əhəmiyyətlidir.
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili biznes forumun dövlət və özəl sektor arasında dialoqun davam etdirilməsi baxımından mühüm platforma olduğunu, ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Həmçinin gömrük sistemində son illərdə həyata keçirilən islahatların və biznes subyektləri ilə gömrük orqanları arasında etimad mühitinin güclənməsinin özəl sektor üçün də yeni imkanlar yaradacağı vurğulanıb.
Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev forumun təşkilini ölkəmizdə gömrük-biznes dialoqu çərçivəsində növbəti önəmli addım kimi qiymətləndirib. Qeyd olunub ki, forum səmərəli əməkdaşlıq, strateji hədəflərin müəyyən edilməsi, birgə fəaliyyət üzrə yol xəritələrinin hazırlanması baxımından mühüm platformadır. Eyni zamanda son illərdə sahibkarlıq subyektlərinə əlçatan gömrük alətlərinin, rasional gömrük prosedurlarının təqdim edilməsi istiqamətində mühüm addımlar atıldığı, eləcə də gömrük sahəsində yeni innovativ texnologiyaların tətbiqinin müsbət nəticələr verdiyi bildirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan gömrük xidmətinin məhz Ulu Öndər Heydər Əliyevin təsbit etdiyi prinsiplərə və verdiyi tövsiyələr əsasında inkişaf etdiyini, Prezident İlham Əliyevin dəqiq və düşünülmüş dövlət siyasəti hesabına mühüm dövlət təsisatlarından biri kimi formalaşdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, məhz dövlət başçısının tapşırıqlarına uyğun olaraq gömrük xidmətinin əsas məqsədi çevik, peşəkar və modern dövlət qurumuna çevrilməkdir.
Daha sonra gömrük orqanlarının strateji hədəflərindən bəhs edən Komitə sədri şəffaflığın təmin olunması, biznes-gömrük münasibətlərində məmnunluğun artırılması, rəqəmsallaşmanın genişləndirilməsi, etibarlı hüquq-mühafizə tədbirləri və dayanıqlı büdcə gəlirlərinin formalaşdırılması istiqamətində atılan addımlardan, həyata keçirilən layihə və yeniliklərdən bəhs edib.
Həmçinin qeyd olunub ki, hər il keçirilməsi planlaşdırılan “Gömrük-Biznes Forumu” davamlı və dayanıqlı gömrük-biznes dialoqunun yaradılması, inkişafa nail olunması istiqamətində yolların və imkanların müzakirə edilməsi, həmçinin prosedur və proseslərin optimallaşdırılması baxımından mühüm platformaya çeviriləcək.
Forumda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi “Gömrük İnkişaf Modeli”, “Transxəzər gömrük tranzit portalı”, “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi”, “Səlahiyyətli iqtisadi operator proqramı” və “Smart-Bot” mobil tətbiqi layihələrinin təqdimatı olub.
“Gömrük İNKİŞAF modeli”nin məqsədi bütün səylərin ortaq strategiyası olmaqla düzgün istiqamətdə hərəkət edib, novator olaraq, keyfiyyətə diqqət yetirərək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdən ibarətdir. “Gömrük İNKİŞAF modeli” gömrük orqanlarının gələcək fəaliyyətinin prioritetlərini, prinsip və məqsədlərini özündə əks etdirən gömrük işinin təşkilinin konsepsiyasıdır.
Transxəzər Gömrük Tranzit Portalı orta dəhliz ölkələrinin gömrük orqanları tərəfindən elektron şəkildə təqdim edilən sənəd və məlumatların öncədən emalı hesabına yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan, yaşıl mühitə töhfə verən Şərqlə Qərbin Xəzər dənizi üzərində rəqəmsal qovşaq mexanizmidir.
ARAS - məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemidir. Burada xarici ticarət iştirakçılarının, daşıyıcıların, malların (nəqliyyat vasitələrinin) müvafiq indikatorlar üzvə risk profili müəyyən edilməklə onlara sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi proseduru təyin ediləcək, mallar ölkə ərazisinə daxil olanadək onlar üçün müvafiq dəhliz (yaşıl, sarı, mavi, qırmızı) və mal buraxılış qaydası risk mühərriki vasitəsilə müəyyən ediləcəkdir.
Səlahiyyətli İqtisadi Operatorlar - Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsində gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından prioritet qaydada istifadə edən idxalatçılar, ixracatçılar, daşıyıcılar, gömrük təmsilçiləri və anbar sahibləridir. Səlahiyyətli İqtisadi Operatorlar sadələşdirilmiş gömrük əməliyyatları, minimum gömrük yoxlamaları, ticarət zənciri boyu təmassız və maneəsiz hərəkət, 7/24 kommunikasiya imkanı, güvənli gömrük-biznes əməkdaşlığı, beynəlxalq bazarlara əlçatanlıq kimi üstünlüklərdən faydalanacaqlar.
“Smart-Bot” mobil tətbiqi vətəndaşlara 24 saat xidmət edən elektron gömrük bələdçisidir. Gömrük inzibatçılığının vətəndaşlara aid normalarının tətbiqinə aid məsələlərin, müşaiyət olunan baqaj, poçt göndərişləri, valyuta tənzimi ilə bağlı tez-tez verilən sualların məntiqi alqoritm əsaslı cavablandırılması üçün əlçatan mobil tətbiqidir.
Tədbir çərçivəsində gömrük işinin təşkili sahəsində işgüzar və səmərəli fəaliyyət göstərən şirkətlərə “Dəstək” və “Əməkdaşlıq” nominasiyaları üzrə təşəkkürnamələr təqdim edilib.
Sonda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi layihələrə dair panel müzakirələr keçirilib, sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi