Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılan Seçki Komissiyasının məlumatı

DGK yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılan Seçki Komissiyasının məlumatı

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılan Seçki Komissiyası məlumat verir ki, 04.11.2023-cü il tarixdən 17.11.2023-cü il tarixə qədər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda iştirak edəcək təmsilçilərin (seçici) qeydiyyatı aparılıb.

Xatırladırıq ki, Seçki Komissiyasının qərarı ilə Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib və İctimai Şuraya namizədliyi irəli sürülmüş vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 19 nəfərin namizədliyi qeydə alınıb. “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.9-cu bəndinə əsasən səsvermədə iştirak edəcək seçicilərin yarıdan çoxunun səsini toplamış şəxslər ictimai şuranın tərkibinə seçilmiş hesab olunacaqlar.

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda 27.11.2023-cü il tarixdə saat 10:00-dan 16:00-dək Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində (Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küç, 4a) gizli səsvermə yolu ilə seçiləcək.

Təmsilçilər (seçicilər) səsvermə günü şəxsiyyət vəsiqələrini Seçki Komissiyasına təqdim etməklə birgə yığıncaqda iştirak edə bilərlər.

Namizədliyi qeydə alınmış şəxsləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini seçki gününə bir gün qalanadək, Dövlət Gömrük Komitəsinə şəxsən və ya gomruk.ictimaisura2023@gmail.com elektron poçtu vasitəsilə məlumat verməklə seçki prosesini izləməyə dəvət edirik.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Noyabr 2023 14:39
195