Beynəlxalq elmi konqres keçirilib
Beynəlxalq elmi konqres keçirilib
Noyabrın 27-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres keçirilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə keçirilən tədbirdən əvvəl təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri anılıb, məzarları üzərinə tər çiçəklər düzülüb.
Konqres Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konqresin açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edib konqresin işinə uğurlar diləyiblər.
Ulu Öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafında böyük əməyi və əvəzsiz rolu olduğu vurğulanıb, onun ana və uşaq sağlamlığı ilə bağlı məsələlərə hər zaman xüsusi diqqət yetirdiyi bildirilib.
Rəsmi açılış hissəsindən sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilib.
Daha sonra Konqres mövzu ilə bağlı panel iclaslarla davam edib, Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksək ixtisaslı mütəxəssislərin təqdimatları dinlənilib.
Tədbir noyabrın 28-də başa çatacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi