Dövlət Gömrük Komitəsi və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə forum keçirilib
Dövlət Gömrük Komitəsi və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə forum keçirilib
Dekabrın 8-də Dövlət Gömrük Komitəsi və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forum keçirilib. Forum Caspian Energy Club tərəfindən 20 ölkədə keçirilməsi planlaşdırılan və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunub.
Caspian Energy Club-un İdarə Heyətinin sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev təmsil etdiyi qurumun fəaliyyətindən, Dövlət Gömrük Komitəsi ilə qurulan səmərəli və işgüzar əməkdaşlıqdan məmnunluqla bəhs edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər barədə məlumat verən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, gömrük orqanlarının əsas hədəflərindən biri də gömrük-biznes arasında dayanıqlı dialoq platformasının qurulması, asan, şəffaf və rəqəmsal həllər hesabına xarici ticarət iştirtakçıları üçün münbit biznes şəraitinin yaradılmasıdır.
Sonra gömrük əməkdaşları tərəfindən “Gömrük İnkişaf Modeli”, “TransXəzər Gömrük Portalı”, “Avtomatlaşdırılmış Risk Analizi Sistemi” (ARAS), “Səlahiyyətli İqtisadi Operator” (SİO), “Smart-Bot” layihələrinə dair təqdimatlar nümayiş etdirilib.
Sonda biznes subyektlərinin təklifləri dinlənilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi