Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Türk Dövlətləri Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin növbəti iclası keçirilib

Türk Dövlətləri Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin növbəti iclası keçirilib

Dekabrın 11-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Gömrük Xidməti Rəhbərlərinin 9-cu iclası keçirilib.

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan gömrük xidmətlərinin rəhbərləri, təşkilatın katibliyinin nümayəndələri iştirak edib. Macarıstan, Gürcüstan gömrük xidmətlərinin rəhbərləri isə tədbirə müşahidəçi və fəxri qonaq qismində qatılıblar.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təsbit etdiyi prinsiplər və verdiyi tövsiyələr əsasında formalaşan gömrük sistemində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində mühüm islahatların aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, gömrük xidmətinin əsas hədəfi regionda beynəlxalq ticarət üçün əlverişli şəraitin yaradılması, beynəlxalq ticarətin təhlükəsizliyinin təmin edilməsi, xarici iqtisadi fəaliyyətin stimullaşdırılması hesabına ticarət-investisiya mühitinin cəlbediciliyinin artırılmasıdır.  

İclasda Türk Dövlətləri Təşkilatının üzv dövlətləri tərəfindən Səmərqənd şəhərində imzalanan “Sadələşdirilmiş gömrük dəhlizi” Sazişinin texniki şərtlərinin reallaşdırılması, həmçinin TDT çərçivəsində gömrük xidmətləri arasındakı əməkdaşlıq, vahid tranzit şəbəkəsinin formalaşdırılması, risklərin analizi nəticəsində əldə edilən məlumatlar, təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə edilib. İclas çərçivəsində təhqiqat və gömrük ekspertizasının həyata keçirilməsi ilə bağlı qarşılıqlı əlaqələrin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sonda Türk Dövlətləri Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin iclasının Protokolu imzalanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 Dekabr 2023 19:10
195