“Heydər Əliyev adına türk dilləri və mədəniyyətləri mərkəzi”nin açılışı olub
“Heydər Əliyev adına türk dilləri və mədəniyyətləri mərkəzi”nin açılışı olub
Dekabrın 14-də Rusiya Federasiyasının Voronej şəhərində Voronej Dövlət Universitetinin təşkilatçılığı ilə “Dəyişən dünyada mədəniyyətlər dialoqu” mövzusunda beynəlxalq konfans keçirilib.
Konfrans ərəfəsində Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq çərçivəsində Voronej Dövlət Universitetində “Heydər Əliyev adına türk dilləri və mədəniyyətləri mərkəzi”nin açılışı olub.
Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə nümayəndə heyəti, Azərbaycan Dillər Universitetinin professorları, Voronej Dövlət Universitetinin məzunları iştirak ediblər. Konfransda həmçinin Dövlət Gömrük Komitəsinin Akademiyası da təmsil olunub.
Qeyd edək ki, yaradılan mərkəz türk dilləri və mədəniyyətinin öyrənilməsi istiqamətində fəaliyyət göstərəcək, xalqlar arasında mədəni əlaqələrin, dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək.
Tədbirdə çıxış edənlər iki ölkə arasında uzunmüddətli dostluq münasibətlərinin qurulduğunu vurğulayıb, mərkəzin açılışını mühüm hadisə kimi qiymətləndiriblər. O da qeyd olunub ki, təhsilə, bilikli və peşəkar kadrların hazırlanmasına xüsusu diqqət göstərən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqramlar çərçivəsində minlərlə azərbaycanlı gənc keçmiş ittifaqın müxtəlif respublikalarının mötəbər ali təhsil müəssisələrində, o cümlədən Voronej Dövlət Universitetində təhsil alıb. Məhz buna görə də Voronej Dövlət Universitetinin bitirən və Azərbaycanda fəaliyyət göstərən tələbələr də qonaq qismində tədbirə dəvət olunub.
“Dəyişən dünyada mədəniyyətlər dialoqu” konfransında Azərbaycan və Rusiyadan olan elm adamları, ictimai xadimlər tərəfindən Ümummilli Lider Heydər Əliyevin multikulturalizm siyasəti, dövlət quruculuğundakı müstəsna rolu, qonşu ölkələrlə iqtisadi və dostluq münasibətlərinin qurulması, təhsil sisteminin formalaşdırılmasındakı əvəzsiz xidmətləri, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.
Azərbaycan nümayəndə heyəti tərəfindən mərkəzə dahi şəxsiyyət Heydər Əliyevin həyatına və dövlətçilik irsinə, həmçinin Azərbaycanın tarixi və mədəniyyətinə dair resurslar hədiyyə olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi