Gömrük Akademiyası ilə “ALLSAFE” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Gömrük Akademiyası ilə “ALLSAFE” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Dövlət Gömrük Komitəsinin Akademiyası ilə “ALLSAFE” Kibertəhlükəsizlik Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Akademiyada təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsinin sədrinin müavini Natiq Şirinov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “ALLSAFE” şirkətinin direktoru Gülşah Bakırlı və şirkətin nümayəndələri, DTX-nin Heydər Əliyev adına Akademiyasının, DİN-in Polis Akademiyasının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin, Bakı Mühəndislik Universitetinin, həmçinin digər dövlət və özəl qurumların nümayəndələri və Akademiyanın əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov Akademiyanın ən başlıca hədəfinin mükəmməl təhsil mühiti yaratmaqla əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar yetişdirmək olduğunu qeyd edib, təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş İT mütəxəssislərinin tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlərə toxunub.
Daha sonra “ALLSAFE” şirkətinin direktoru Gülşah Bakırlı şirkətin fəaliyyət istiqamətləri, xidmətləri barəsində məlumat verərək Akademiyanın fəaliyyətinə töhfə verəcək əməkdaşlıqdan qürur duyduqlarını ifadə edib.
Tədbirdə çıxış edən DGK sədrinin müavini Natiq Şirinov son dövrlərdə Komitə tərəfindən kifayət qədər rəqəmsal həllərin həyata keçirildiyini qeyd edərək gömrük əməkdaşları tərəfindən yaradılan innovativ platformalar haqqında məlumat verib. N.Şirinov kibertəhlükəsizliyin müasir dövrümüzdəki əhəmiyyətindən söz açaraq qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün uğurlu olmasını arzu edib.
Sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və “ALLSAFE” şirkətinin direktoru Gülşah Bakırlı əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.
Memorandumda tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.