Gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib
Gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib
Yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 32-ci ildönümü - gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl Dövlət Gömrük Komitəsinin əməkdaşları Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi anılıb.
Dövlət Gömrük Komitəsində keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikası Prezidentinin Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi və Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncamları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Prezident İlham Əliyev tərəfindən gömrük xidmətinə göstərilən diqqət və qayğıya görə çoxsaylı gömrük əməkdaşları adından minnətdarlığını bildirib, peşə bayramı günü münasibətilə bütün şəxsi heyəti təbrik edib. Qeyd edilib ki, milli və iqtisadi təhlükəsizliyin təminatçısı olan gömrük orqanları qarşısında müəyyən edilən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarığını əsirgəməyəcək.
Sonra Dövlət Gömrük Komitəsinin 2023-cü il ərzində həyata keçirdiyi yeni layihələrdən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə gənc və veteran gömrükçülərə söz verilib, onlar da öz təəssüratlarını bölüşüblər.
Xidmətdə fərqlənən gömrük əməkdaşları ilə bağlı təltif əmrləri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi