Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsində ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə dair tədbir keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə dair tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü il ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

Baş İdarənin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək Dövlət Gömrük Komitəsində 2023-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə şəxsi heyətə məlumat verib. Qeyd olunub ki, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər son dövrdə gömrük orqanlarında aparılan islahatlarla birbaşa bağlıdır.

Baş İdarə rəisinin müavini Rəşad Bayramov 2023-cü ildə görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulanıb ki, ötən il ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən qeydə alınan idxal əməliyyatlarının həcmi 130 milyon 906 min ABŞ dolları, ixrac əməliyyatlarının həcmi isə 14 milyon 601 min ABŞ dolları dəyərində olub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 1,04 dəfə, ixracın həcmi isə 1,5 dəfə artıb.

Həmçinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən ötən il ərzində arxivlənən bəyannamələr və qeydə alınan nəqliyyat vasitələri üzrə 103 milyon 641 min manat məbləğində gömrük ödənişləri toplanılıb. Toplanılan gömrük ödənişləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 45 milyon 234 min manat və ya 44 faiz artıq olub. 2023-cü ildə dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması istiqamətində Baş İdarə üzrə müəyyən olunmuş 64 milyon 494 min manat proqnoza qarşı hesabat dövründə 90 milyon 501 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin olunub, illik proqnoz-tapşırıq 140,3 faiz yerinə yetirilib.

Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Qanunu ilə müəyyən olunmuş yol vergisi üzrə 1 milyon 150 min manat proqnoza qarşılıq 11 milyon 985 min manat, “İcazə” blankına görə dövlət rüsumu” üzrə 270 min manat proqnoza qarşı 1 milyon 156 min manat olmaqla ümumilikdə Baş İdarə tərəfindən 13 milyon 141 min manat  məbləğində vəsait Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülüb, bu da muxtar respublikanın 2023-cü il ərzində toplanılmış büdcə gəlirlərinin 7,1 %-ni təşkil edib.

Konsiqnasiya yolu ilə ixrac olunan mallardan yaranmış borcun geri qaytarılması istiqamətində görülmüş tədbirlər nəticəsində ümumilikdə 8 milyon 976 min ABŞ dolları məbləğində borcun 100 faizinin hüquqi və fiziki şəxslərin müvəkkil bankdakı hesablarına köçürülməsi təmin olunub.

2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasına tranzit giriş edən nəqliyyat vasitələrinin sayı 133 min 197 ədəd, tranzit çıxış edən nəqliyyat vasitələrinin sayı 132 min 520 ədəd, ölkəyə giriş edən nəqliyyat vasitələrinin sayı 83 min 82 ədəd, ölkədən çıxış edən nəqliyyat vasitələrinin sayı isə 83 min 505 ədəd olub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2023-cü ildə Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit hərəkət edən nəqliyyat vasitələrinin sayı 81 min 668 ədəd və ya 2,6 dəfə artıb.

Tədbirdə Baş İdarənin Əməliyyat və İstintaq İdarəsinin rəisi Novruz Hacıyev 2023-cü ildə muxtar respublikanın gömük orqanlar tərəfindən 64 cinayət faktının aşkarlandığını diqqətə çatdıraraq vurğulayıb ki, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı ilə bağlı 60 cinayət işi açılıb, bu faktlar üzrə ümumilikdə 568 kiloqram 585 qram heroin, 144 qram həşiş qətranı, 118 qram marixuana, 112 qram tiryək, 145 qram psixotrop maddələr, 136 qram güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 1422 iş çox, yəni ümumilikdə 1643 inzibati xarakterli hüquqpozma faktı aşkar edilib.

Tədbir çərçivəsində Azərbaycan Respublikanın Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2024-cü il tarixli müvafiq sərəncamları və Dövlət Gömrük Komitəsi sədrinin 30 yanvar 2024-cü il tarixli müvafiq əmrləri ilə Naxçıvan Baş Gömrük İdarəsinin təltif olunan əməkdaşları barədə məlumat verilib.  

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev tədbirə yekun vuraraq qeyd edib ki, Komitə rəhbərliyinin tövsiyə və tapşırıqlarını rəhbər tutaraq Naxçıvanda gömrük işi sahəsində daha yüksək nəticələrin qazanılması, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması, ticarətin asanlaşdırılması, gömrük orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının qarşısının alınması, sahibkarlıq subyektlərinin, vətəndaşların və gömrük əməkdaşlarının məmnunluğunun artırılması, ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunması üçün bütün imkanlar səfərbər ediləcək.

2 Fevral 2024 20:35
195