Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Qazaxıstan Respublikası Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Qazaxıstan Respublikası Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Fevralın 12-də Dövlət Gömrük Komitəsində Qazaxıstan Respublikası Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsinin sədr müavini Anuar Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulduğu vurğulanıb. Qeyd olunub ki, coğrafi baxımdan strateji mövqedə yerləşən hər iki ölkə Orta Dəhliz boyu yükdaşımaların asan və sürətli şəkildə reallaşdırılmasında mühüm rol oynayır. Bu baxımdan beynəlxalq tranzitin və ticarətin asanlaşdırılmasında gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür.

Həmçinin görüşdə Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Transxəzər Gömrük Tranzit Portalı barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı təcrübə mübadiləsinin, qabaqcıl təcrübələrin paylaşılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, iki gün davam edəcək səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin üzvləri gömrük inzibatçılığında informasiya sistemlərindən istifadə, biznes proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması, süni intellektin tətbiqi, informasiyanın emalı, qorunması, mübadiləsi və digər mövzularda Azərbaycan gömrük xidmətinin təcrübəsi ilə tanış olacaqlar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi      

12 Fevral 2024 19:34
195