Tələbələr gömrük işinin təşkili barədə məlumatlandırılıb
Tələbələr gömrük işinin təşkili barədə məlumatlandırılıb
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib.
İqtisadiyyat, biznesin təşkili, maliyyə ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdiyi görüş gömrük sahəsində həyata keçirilən dövlət siyasəti, gömrük işinin əhəmiyyəti, gömrük orqanlarının funksiyaları, strateji hədəfləri barədə müdavimləri məlumatlandırmaq məqsədilə təşkil olunub.
Görüşdə idarənin əməkdaşları gömrük orqanları tərəfindən həyata keçirilən “Gömrük İnkişaf Modeli”, “Avtomatlaşdırılmış Risk Analizi Sistemi”, “Səlahiyyətli İqtisadi Operator”, “Transxəzər Gömrük Tranzit Portalı”, “Smart-Bot” layihələri barədə təqdimatlar nümayiş etdirib, gömrük xidmətinin ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışıblar.
Həmçinin universitetin müəllimi Camal Arıxov “Respublikanın Şimal-Qərb bölgəsində Gömrük xidmətinin əhəmiyyəti” mövzusunda çıxış edib.
Sonda gömrük işinin təşkili ilə bağlı tələbələrin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi