Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Gömrük Akademiyasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 26 Fevral - Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Akademiyanın müəllim və tələbələri, şəhid ailələri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Xocalı soyqırımının tariximizin ən qanlı səhifələrindən biri olduğunu, 32 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində mülki əhaliyə qarşı ən ağır cinayətlərdən birinin törədildiyini vurğulayıb.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanı yerdə qalmadı, onların qisası alındı.

Tədbirdə çıxış edən tarix elmləri namizədi Boran Əziz Xocalı soyqırımı haqqında məlumat verib, həmin dövrü tarixi aspektlərlə təhlil edib.

Tədbirin sonunda Akademiyanın tələbələri ədəbi kompozisiya ilə çıxış ediblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Fevral 2024 18:50
195