“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının və Tibbi Xidmət İdarəsinin əməkdaşlarının iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin, ekokönüllülərin qatıldığı aksiyada Bakının Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi isə aksiya çərçivəsində Akademiyanın ətraf ərazilərində, həmçinin Zabrat-Maştağa şosesinin Akademiyanın qarşısından keçən hissəsinin hər iki tərəfində şam, evkalipt, sərv ağacları əkilib, abadlıq və təmizlik işləri aparılıb.
Tibbi Xidmət İdarəsinin əməkdaşları da "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər. Aksiya zamanı idarənin əməkdaşları tərəfindən Abşeron rayon Müşfiqabad qəsəbəsi ərazisində 1 hektarlıq sahədə 620 ədəd şam və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi