31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib
31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Daha sonra tədbir iştirakçıları 31 mart qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün tarixindən danışaraq, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan bu həqiqətlər Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində üzə çıxarılmış, xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün olmuşdur. Tədbirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub.