Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Media nümayəndələri Astara gömrük postunda gömrük işinin təşkili və islahatların nəticələri ilə tanış olublar

Media nümayəndələri Astara gömrük postunda gömrük işinin təşkili və islahatların nəticələri ilə tanış olublar

Lənkəran şəhərində "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda keçirilən təlim çərçivəsində kütləvi informasiya vasitələri nümayəndələrinin noyabrın 29-da Cənub Ərazi Baş Gömrük İdarəsinin İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara gömrük postuna səfəri təşkil olunub.

Məqsəd media nümayəndələrinə gömrük sistemində aparılan islahatları, əldə edilən nəticələri əyani şəkildə nümayiş etdirmək olub.

Səfər zamanı media nümayəndələri ixrac və idxal gömrük nəzarət xəttində həyata keçirilən əməliyyatları izləyib, sərnişin keçid xətlərində gömrük nəzarətinin təşkili prosesi ilə tanış olublar.

Astara gömrük postunun rəisi Habil Mehdiyev jurnalistlərə məlumat verib ki, gün ərzində 8 minə qədər sərnişin və 300-dən artıq yük nəqliyyat vasitəsinin, eyni zamanda, 50-yə qədər yüngül minik nəqliyyat vasitəsinin bu gömrük postu vasitəsilə keçidi təmin olunur.

Gömrük sistemində kadr və struktur islahatları hesabına dinamik idarəçilik mexanizminin tətbiq olunduğunu bildirən Habil Mehdiyev artıq sərhədkeçmə proseslərində intensivliyin təmin olunduğunu, vətəndaş-məmur münasibətlərinin minimuma endirildiyini, vaxt və vəsait itkisinin aradan qaldırıldığını diqqətə çatdırıb.

Eyni zamanda, media nümayəndələrinə müvəqqəti saxlanc anbarlarının təyinatı, bu anbarlarda malların saxlanılması qaydaları, mobil gömrük nəzarətinin tətbiqi, "Yaşıl dəhliz" buraxılış sistemi ilə malların və nəqliyyat vasitələrinin hərəkəti və qeydiyyatı ilə bağlı məlumat verilib.

Günün ikinci yarısında isə təlim çərçivəsində təqdimatlar nümayiş etdirilib.

DGK Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı "İslahatlar prosesindən sonra qaçaqmalçılıqla mübarizə fəaliyyətində baş verən dəyişikliklər", Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin böyük inspektoru Elmin Allahverdiyev "İslahatlar prosesində gömrük nəzarətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması ilə bağlı tətbiq edilən yeniliklər", Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Operativ araşdırmalar şöbəsinin böyük inspektoru Orxan Vahabov "Gömrük sistemində həyata keçirilən şəffaflıq fəaliyyəti çərçivəsində bəyanetmə prosesində meydana çıxan problemlər, onların həlli yolları", Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə "İslahatlar çərçivəsində gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən tədbirlər və bu tədbirlərin sərhədkeçmə prosesindəki rolu" mövzusunda təqdimatla çıxış ediblər.

Xatırladaq ki, "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda təlim noyabrın 30-da başa çatacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Noyabr 2019 00:00
195