Mərkəzi Gömrük Hospitalında elmi konfrans keçirilib
Mərkəzi Gömrük Hospitalında elmi konfrans keçirilib
Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”nin və “Abbot” şirkətinin birgə təşkilatçılığı ilə "Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib.
DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov ölkəmizdə hepatitlərin müalicəsindən, bu istiqamətdə görülən işlərdən danışaraq, xəstəlikdən əziyyət çəkən insanlara yardım göstərilməsi, dərmanlarla təmin edilməsi üçün Səhiyyə Nazirliyinin nəzdində xüsusi komissiya yaradıldığını diqqətə çatdırıblar.
O da vurğulanıb ki, ən ağır xəstələr üçün yeganə çıxış yolu orqan köçürülməsidir və Mərkəzi Gömrük Hospitalı bu sahədə mühüm təcrübəyə malikdir. Üstəlik qaraciyər transplantasiyası hospitalda İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olub və tam ödənişsiz icra edilir.
Elmi konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər, qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri, hepatorenal sindrom, qaraciyər transplantasiyası və transplantasiyadan sonrakı infeksiyalar barədə təqdimatlar edilib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.