Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilib

Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilib

Aprelin 29-da Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilib.

Konfransda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirdə ÜGT-nin Baş katibi İan Saunders təşkilatın modernləşdirmə planının layihəsinə dair təqdimatla çıxış etdikdən sonra Avropa regionunda əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Daha sonra ÜGT-nin Maliyyə və Audit Komitələrinin, Regional Məlumat Əlaqələndirmə Ofislərinin, o cümlədən Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin hesabatları dinlənilib, 2024-2025-ci illər üzrə ÜGT-nin idarəetmə orqanlarında regional təmsil olunma məsələlərinə baxılıb.

Konfrans çərçivəsində Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ÜGT-nin Baş katibi İan Saunders ilə görüşüb. 

Görüşdə ÜGT ilə Azərbaycan gömrük xidməti arasındakı səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib, qarşılıqlı əlaqələrin perspektivlərinə toxunulub. Azərbaycan tərəfindən Orta Dəhliz üçün nəzərdə tutulan Gömrük Əməkdaşlıq Fondunun təsis edilməsi barədə müvafiq memorandum layihəsinin imzalanması və onun əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. 

Görüşdə COP29 barədə, eləcə də Azərbaycan gömrük sistemində tətbiq edilən yeniliklər, gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində reallaşdırılan layihələr və əldə edilən nəticələr, həmçinin ÜGT-nin Yaşıl Gömrük yanaşmasına uyğun olaraq həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Aprel 2024 19:22
195