“Gömrük risklərinin idarə edilməsində ən yaxşı təcrübələr” mövzusunda seminar keçirilib
“Gömrük risklərinin idarə edilməsində ən yaxşı təcrübələr” mövzusunda seminar keçirilib
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Gömrük risklərinin idarə edilməsində ən yaxşı təcrübələr” mövzusunda seminar keçirilib.
Beynəlxalq Ticarət Mərkəzinin təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğız, Tacikistan və Türkmənistan gömrük xidmətlərinin nümayəndələri, ekspertlər, layihə menecerləri və gömrük təmsilçiləri iştirak edir.
Seminar regional əməkdaşlığın, bilik və bacarıqların, təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə təşkil edilib.
Tədbirin açılışında Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinov, Beynəlxalq Ticarət Mərkəzinin Ticarət prosedurlarının sadələşdirilməsi bölməsinin rəhbəri Pier Bontono çıxış ediblər. Bildirilib ki, dəyişən qobal ticarət mühiti innovativ həllərə, sıx əməkdaşlığa əsaslanan yeni çağırışlar, imkanlar formalaşdırır və beynəlxalq ticarətin asan, sürətli, təhlükəsiz şəkildə reallaşdırılmasında risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, seminar risklərin idarə olunması sahəsində bilik və bacarıqların paylaşılması, qabaqcıl təcrübələrin, strateji yanaşmaların öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Eyni zamanda Azərbaycan gömrüyündə risklərin idarə oluması sahəsində həyata keçrilən rəqəmsal həllər, innovativ layihələr və xüsusilə də Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) haqqında geniş məlumat verilib.
Seminar çərçivəsində Beynəlxalq Ticarət Mərkəzinin ekspertləri gömrükdə risklərin idarə edilməsi, məqsədlər və təşkilati struktur, risklərin müəyyənləşdirilməsi, bu sahədə qabaqcıl təcrübələr və digər aktual məsələlərlə bağlı təqdimatlarla çıxış ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi