Naxçıvanda “Gömrük əməkdaşlarında işlə bağlı stress və onun qarşısının alınması” mövzusunda təlim keçirilib
Naxçıvanda “Gömrük əməkdaşlarında işlə bağlı stress və onun qarşısının alınması” mövzusunda təlim keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsində “Gömrük əməkdaşlarında işlə bağlı stress və onun qarşısının alınması” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev Ümumilli Lider Heydər Əliyevin Naxçıvanda gömrük sisteminin qurulmasında, eləcə də səhiyyə sahəsinin inkişafında gördüyü işlərdən danışıb, Ulu Öndərin əsasını qoyduğu davamlı inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Qeyd olunub ki, ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasına mühüm rol oynayan gömrük orqanları əməkdaşlarının məqsədi dövlətçiliyimzə sədaqətlə xidmət etməkdir.
DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, gömrük əməkdaşlarının xidmət keyfiyyətini, stresə davamlılıqlarını, məmnunluğunu artırmaq, tükənmə sindromunun qarşısını almaq məqsədilə Tibbi Xidmət İdarəsi tərəfindən təlim proqramı hazırlanıb və təlimin məqsədi də bu istiqamətdə gömrük əməkdaşlarını məlumatlandırmaqdır.
Daha sonra Tibbi Xidmət İdarəsinin əməkdaşları “Stresə davamlılığın artırılması”, “Effektiv iş mühitinin yaradılmasında komanda işi və effektiv ünsiyyətin əhəmiyyəti” mövzularında təqdimatlarla çıxış ediblər.
Təlimin sonunda gömrük əməkdaşlarının sualları ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi