Ulu Öndərin anadan olmasının 101-ci ildönümü və gömrük əməkdaşlarının andiçmə mərasimi keçirilib
Ulu Öndərin anadan olmasının 101-ci ildönümü və gömrük əməkdaşlarının andiçmə mərasimi keçirilib
Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin kollektivi Fəxri Xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.
Dövlət Gömrük Komitəsinin inzibati binasında keçirilən tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən, gömrük orqanlarının yaradılması, formalaşdırılmasındakı rolundan bəhs edən videoçarx və Ulu Öndərə həsr edilmiş “Rekviyem” musiqili kompozisiyası nümayiş etdirilib.
Sonra gömrük orqanlarının yaradılmasının 32-ci ildönümü ərəfəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunan bir qrup gömrük əməkdaşına medallar təqdim edilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi Ağ Şəhərdə keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Liderin həyat və fəaliyyəti, eləcə də gömrük orqanlarına tövsiyələrini əks etdirən videoçarxların nümayişindən sonra xidmətə yeni qəbul edilən 106 əməkdaş Gömrükçü Andı içib və hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov mərasimdə çıxış edərək bildirib ki, gömrük əməkdaşlarının andiçmə mərasimi ənənəvi olaraq əlamətdar bir gündə, Dahi Rəhbərin doğum günündə keçirilir. Qeyd olunub ki, gömrük orqanları ölkəmizin davamlı iqtisadi inkişaf strategiyasının əsasını qoyan Ulu Öndərin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi nəticəsində yenidən qurularaq formalaşdırılıb.
Bildirilib ki, Ümummilli Liderin ideyalarının sadiq davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan sürətlə inkişaf edir və gömrük orqanları da daim ölkəmizin tərəqqisinə öz töhfəsini verəcək.
Daha sonra digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışıb, onun əziz xatirəsinin daim yaşadılacağını bildiriblər.
Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçrəngli bayrağımızla bağlı xüsusi kompozisiya nümayiş etdiriblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi