Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rəisi Qulu Novruzov dahi rəhbər Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir vətəndaş üçün örnək olduğunu bildirib. Qeyd edib ki, müstəqil Azərbaycanın banisi hər bir azərbaycanlının həyatında dərin iz qoyub. Xalqını dərindən sevən ümummilli lider Heydər Əliyev müstəqilliyimizin qorunması və möhkəmlənməsi, dövlətimizin inkişafı naminə əvəzedilməz işlər görüb.

Heydər Əliyevin zəngin irsindən söhbət açan Akademiyanın rəisi vurğulayıb ki, müdrik dövlət xadiminin istər sovet, istərsə də müstəqillik illərində xalqına, onun gələcəyinə həsr etdiyi ömür, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması istiqamətində atdığı qətiyyətli addımlar bu gün öz bəhrəsini verməkdədir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır.

Qulu Novruzov xalqımızın ümummilli liderinin gənclər siyasətinə xüsusi diqqətinə toxunaraq bildirib ki, Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Hələ sovet dövründə Heydər Əliyev tərəfindən minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildiyini vurğulayan Akademiyanın rəisi qeyd edib ki, ulu öndər təhsilin xalqın taleyində mühüm rol oynadığını bilirdi və həmin mütəxəssislər Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən təhsilin inkişafına öz töhfələrini verdilər.

Qulu Novruzov ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun, inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Sonra tədbirdə Akademiyanın Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı və Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Fidan Camalzadənin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan məruzələri dinlənilib. Çıxışlarda ölkəmizin inkişafında qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğu bildirilib, ulu öndərin tarixdəki müstəsna rolundan bəhs edilib.

Daha sonra tələbələrin ifasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan şeirvə mahnılar səsləndirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Dekabr 2019 00:00
195