Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib

Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib

Mayın 14-də Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Türkiyə Respublikasının Ticarət nazirinin müavini Sezai Uçarmak, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakavanın rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” çərçivəsində məlumat mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük əhəmiyyət daşıyır. Onun səmərəli fəaliyyəti regional və beynəlxalq ticarətin həcminin daha da artmasına, hər üç ölkənin tranzit potensialının genişləndirilməsinə, gömrük prosedurlarının sadələşdirilməsinə əlavə imkanlar yaradacaq.

Sonda iclasın protokolu imzalanıb.

İclas çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovla Türkiyə Respublikasının Ticarət nazirinin müavini Sezai Uçarmak arasında ikitərəfli görüş keçirilib. 

Görüşdə iki ölkə arasında bütün sahələrdə səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib, gömrük orqanlarının da qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Həmçinin təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi üzrə yükdaşımaların həcminin artırılması və məlumatların elektron qaydada əvvəlcədən ötürülməsi, hüquqpozmalara qarşı mübarizə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava ilə görüşdə də ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi, sərhədlərin birgə idarəolunması, dəmiryolu daşımalarında məlumat mübadiləsi, Səlahiyyətli İqtisadi Operatorlar və digər məsələlər müzakirə olunub, Azərbaycan gömrüyünün Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) layihəsi ilə bağlı məlumat verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 May 2024 16:59
195