Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Bakı Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüş gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirmələr, eyni zamanda gömrük rəsmiləşdirilməsi prosesində müvafiq dövlət orqanlarından tələb olunan icazə sənədləri barədə xarici ticarət iştirakçılarının məlumatlandırılması məqsədilə təşkil olunub.
Görüşdə Mərkəzi Gömrük Ekspertizası İdarəsi, Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi və Respublika Sanitariya Karantin Mərkəzinin rəhbər şəxsləri də 150-dən çox biznes nümayəndəsi iştirak edib.
Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov son dövrlərdə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük sistemində aparılan təkmilləşdirilmələr və yeniliklərin idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, rəsmiləşdirmə prosesinə sərf edilən vaxt itkisinin və əlavə xərclərin azaldılmasına xidmət etdiyini, eyni zamanda gömrük qanunvericiliyinə könüllü əməl edən sahibkarlara əlverişli şərait yaratdığını vurğulayıb.
Tədbirdə həmçinin Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi və Respublika Sanitariya Karantin Mərkəzi tərəfindən reallaşdırılması nəzərdə tutulan təkmilləşdirmələr və lahiyələr barədə xarici ticarət iştirakçılarına məlumat verilib.
Sonda sahibkarlar tərəfindən səsləndirilən təklif və rəylər dinlənib, onların sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi