Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Dövlət Gömrük Komitəsində Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib.

Aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə yanaşı, özəl sektor nümayəndələrinin də iştirak etdiyi görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, altqrupun rəhbəri Cavad Qasımov ölkənin sosial iqtisadi inkişafının əsas struktur elementlərindən olan dövlət-biznes dialoqunun inkişaf etdirilməsi və xarici ticarət iştirakçıları üçün əlverişli münbit şəraitin yaradılması, habelə dövlətimizin milli və iqtisadi maraqları nəzərə alınmaqla qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı atılacaq addımlarda altqrupun fəaliyyətinin xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

İclas zamanı “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun 2024-cü il üçün Yol Xəritəsinin və Dövlət Gömrük Komitəsinin sərhəddə ticarət üzrə xarici ticarət iştirakçılarının fəaliyyətinə töhfə verən yeni layihələrinin təqdimatı, həmçinin özəl sektorun nümayəndələri ilə məsləhətləşmələr çərçivəsində qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

Eyni zamanda, Yol Xəritəsində əks olunan tədbirlərin operativ şəkildə icrasını təmin etmək və qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə dövlət və özəl sektorun nümayəndələri tərəfindən qarşılıqlı müzakirələr çərçivəsində birgə addımların atılmasının vacibliyi vurğulanıb.

Məlumat üçün bildiririk ki, “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupuna rəhbərliyi Dövlət Gömrük Komitəsi həyata keçirir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 May 2024 11:09
195