“Caspian Energy Club”un üzvləri ilə görüş keçirilib
“Caspian Energy Club”un üzvləri ilə görüş keçirilib
Mayın 21-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə “Caspian Energy Club”un üzvləri arasında görüş keçirilib.
Görüşdə 70-dən çox şirkətin nümayəndəsi iştirak edib.
“Caspian Energy Club”un İdarə Heyətinin sədri Telman Əliyev rəhbərlik etdiyi qurumla gömrük orqanları arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edib, gömrük-biznes dialoqunun gücləndirilməsinin münbit biznes mühitinin formalaşması, xarici ticarət əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov xarici ticarət iştirakçıları ilə işgüzar, dayanıqlı əməkdaşlığın qurulması istiqamətində atılan addımlar barədə məlumat verib. Bildirilib ki, tətbiq edilən yeniliklərin səmərəliliyinin artırılması, gömrük sahəsində qarşıya çıxan məsələlərin operativ şəkildə həll edilməsi baxımından biznes nümayəndələri ilə açıq, şəffaf dialoqun qurulması, onların təklif və rəylərinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır.
O da qeyd olunub ki, son dövrlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələrin, tətbiq edilən layihələrin əsas hədəflərindən biri də asan, sürətli, rəqəmsal həllər hesabına biznes nümayəndələrinə münbit şəraitin yaradılması, ixrac əməliyyatlarının təşviqi, prosedurların rasionallığının, sahibkarların məmnunluğunun təmin olunmasıdır.
Görüş çərçivəsində gömrük əməkdaşları “Avtomatlaşdırılmış Risk Analizi Sistemi” (ARAS), “Elektron hesab səhifəsi”, “Gömrük dəyərinin müəyyən edilməsi üsulları” mövzusunda təqdimatlarla çıxış edib, biznes nümayəndələrinin suallarını ətraflı cavablandırıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi