Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət əməliyyatlarında mövcud malların təsnif edilməsinin xüsusiyyətləri və gömrük güzəştləri

Xarici ticarət əməliyyatlarında mövcud malların təsnif edilməsinin xüsusiyyətləri və gömrük güzəştləri

Beynəlxalq ticarətdə tətbiq edilən mal nomenklaturası “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya  əsaslanır.

Ümumdünya Gömrük Təşkilatı tərəfindən idarə edilən Konvensiyanın əsas məqsədləri beynəlxalq ticarətin asanlaşdırılması, statistik məlumatların harmonizə edilmiş qaydada toplanması və bütün ölkələrdə vahid mal nomenklaturasının istifadə edilməsidir. 

Yeni texnologiyaların və nou-hauların tətbiqi nəticəsində yaradılan mal mövqelərinin sinifləşdirilməsi məqsədilə Harmonikləşdirilmiş Sistem təkmilləşdirilərək hər 5 ildən bir yeni variantda nəşr edilir. 

Hazırda dünyada Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantı (7-ci nəşr) tətbiq edilir. Qeyd olunan nəşr nüfuzlu beynəlxalq təşkilatların, eləcə də ÜGT katibliyi və təşkilatın üzvü olan dövlətlərin ekspertləri tərəfindən müvafiq təhlillər aparılmaqla Alt Komitənin mütəmadi qaydada keçirilən sessiyalarının nəticələrinə uyğun olaraq hazırlanmış və yeni variantda 351 alt yarımmövqeyə dəyişikliklər və əlavələr həyata keçirilmişdir.

Ölkəmizdə tətbiq edilən milli nomenklatura sistemi 2022-ci ilin aprel ayından etibarən Harmonikləşdirilmiş Sistemin yenilənmiş variantına uyğunlaşdırılmış və yeni yaranmış mal mövqelərinə müvafiq tarif dərəcələri müəyyən edilmişdir.

Hazırki mərhələdə qeyri-neft sektoru üzrə ixracın stimullaşdırılması məqsədilə yerli istehsal sahələrinin təşviqi istiqamətində müxtəlif güzəşt mexanizmləri mövcuddur. Bu güzəştlər kompüter, elektron və optik məhsul istehsalı fəaliyyət sahəsini də əhatə edir. Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların (yaddaş qurğuları daxil olmaqla) müvafiq təsdiqedici sənəd əsasında idxalı 7 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad edilir. Həmçinin, anoloji azadolmalar informasiya texnologiya məhsullarının yüksək texnologiya parklarına idxalı çərçivəsində də tətbiq edilir.

25 May 2024 10:56
195