Ölkə sərhədlərinin sanitariya mühafizəsində qurumlararası koordinasiya məsələləri müzakirə olunub
Ölkə sərhədlərinin sanitariya mühafizəsində qurumlararası koordinasiya məsələləri müzakirə olunub
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Ölkə sərhədlərinin sanitariya mühafizəsində qurumlararası koordinasiyanın aspektləri” mövzusunda dəyirmi masa keçirilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, TƏBİB, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Sərhəd Xidməti, AZAL, Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Dəmir Yolları və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Açılışda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən bəhs ediblər.
COVİD-19 pandemiyası dövründə dövlətimiz tərəfindən insanların sağlamlığının qorunması, virusun yayılmasının qarşısının alınması, ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən, qazanılan müsbət təcrübədən bəhs olunub.
Gömrük-sərhəd keçid məntəqələrində sanitar-epidemioloji nəzarətin səmərəli təşkili, bu sahəyə cavabdeh olan dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi, malların və nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkətinin təmin olunması istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.
O da qeyd olunub ki, hazırda ölkə sərhədlərinin sanitariya mühafizəsinin təşkilində iştirak edən qurumların əməkdaşlığının genişləndirilməsi, nəzarətin gücləndirilməsi və bu sahədə aparılan işlərin təkmilləşdirilməsi diqqət mərkəzindədir.
Daha sonra ölkə sərhədlərinin sanitariya mühafizəsində qurumlararası koordinasiya, yoluxucu xəstəliklərlə mübarizə, qida təhlükəsizliyi və digr mövzularda çıxışlar edilib, fikir mübadiləsi aparılıb.