Gömrük Akademiyasında “Yaşıl həyatı qoruyaq” adlı tədbir keçirilib
Gömrük Akademiyasında “Yaşıl həyatı qoruyaq” adlı tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl həyatı qoruyaq” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladaraq respublikamızda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un əhəmiyyətindən bəhs edib. Ölkəmizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə daha çox diqqət yetirildiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görüldüyü bildirilib. Eyni zamanda ekologiyanın qorunması istiqamətində gömrük xidməti tərəfindən keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Vəliyeva COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizə olan etimadın yüksək göstəricisi olduğunu qeyd edərək COP29 tədbirlər planına uyğun genişmiqyaslı işlərin görülməsinin, ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyindən danışıb.
Tədbirdə eyni zamanda mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Daha sonra Akademiyanın rəis müavini Cəmilə Namazova “Yaşıl iqtisadiyyat və cəmiyyətin sosial iqtisadi inkişafı”, ADNSU-nun dosenti Dürdanə Şirinova “Sənaye inqilabından yaşıl həyata” və Akademiyanın “Gömrük işi və idarəetmə” kafedrasının müdiri Elvin Əlirzayev “Yaşıl qida, yaşıl gömrük” mövzularında təqdimatla çıxış ediblər.