“ÖZÜNET” layihəsinin təqdimatı keçirilib
“ÖZÜNET” layihəsinin təqdimatı keçirilib
İyunun 3-də Dövlət Gömrük Komitəsində media nümayəndələri üçün “ÖZÜNET” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev, Komitənin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri və media nümayəndələri iştirak edib.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev bildirib ki, gömrük orqanları iqtisadi təhlükəsizliyin təmin edilməsində əsas iştirakçılardan biri kimi qarşıya qoyulmuş hədəfləri və vəzifələri yüksək səviyyədə yerinə yetirmək məqsədilə gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, çevik və şəffaf idarəetmə sisteminin tətbiqi, habelə gömrük inzibatçılığının normativ-hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirməkdədir.
Qarşıya qoyulan tapşırıqların icrası istiqamətində əməliyyatların sürətləndirilməsi, əlçatanlığın və xidmət səviyyəsinin yüksəldilməsi, prosedurların rasionallığının təmin edilməsi üçün Dövlət Gömrük Komitəsi tərəfindən Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS), Elektron Hesab Səhifəsi, Məcburi qərarlar, Ekspertiza Rəylər Bazası, Səlahiyyətli İqtisadi Operator, Smartbot və digər layihələrin hazırlanaraq istifadəyə verildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, tətbiqinə başlanan “ÖZÜNET” layihəsi də vətəndaş və sahibkar məmnuniyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqinə əlavə imkanlar yaradacaq.
Tədbirdə “ÖZÜNET” layihəsinə dair videoçarxlar nümayiş etdirilib.
Gömrük Riskləri İdarəsinin əməkdaşı Fidan Gülmalıyeva layihə ilə bağlı təqdimatla çıxış edib.
Bildirilib ki, elektron həllərə əsaslanan “ÖZÜNET” layihəsi Dövlət Gömrük Komitəsinin təqdim etdiyi bütün elektron xidmətlərin cəmləşdiyi və bir nöqtədən idarə olunan platformadır. “ÖZÜNET” platformasına daxil olan hər bir şəxs Dövlət Gömrük Komitəsinin bütün elektron xidmətlərindən vahid məkandan istifadə edə biləcək.
Yeni layihədən Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsinin “elektron xidmətlər” bölməsinə daxil olmaqla (customs.gov.az) istifadə etmək mümkündür.
Sonda media nümayəndələrinin sualları ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi