Transsərhəd kağızsız ticarətin asanlaşdırılması məsələləri müzakirə edilib
Transsərhəd kağızsız ticarətin asanlaşdırılması məsələləri müzakirə edilib
3-5 iyun tarixlərində Tayland Krallığının Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin 3-cü sessiyası keçirilib. Tədbirdə iştirak edən Dövlət Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Aslanov sessiyaya sədrlik edib.
Sessiya zamanı texniki detallarla bağlı fikir mübadiləsi aparılıb və işçi qrupunun fəaliyyəti nəzərdən keçirilib.
İyunun 6-da isə Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Kağızsız Ticarət Şurasının 3-cü sessiyası öz işinə başlayıb.
Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinov onlayn qaydada çıxış edərək kağızsız ticarət sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.
Sessiya zamanı daimi komissiyanın məruzəsi dinlənilib, transsərhəd kağızsız ticarət sahəsində ölkələrin son bir ildə əldə etdikləri nailiyyətlər, “Bir pəncərə” sistemlərinin tətbiqində qabaqcıl təcrübələr paylaşılıb, çərçivə sazişindən irəli gələn maddələrin yerinə yetirilməsi, transsərhəd kağızsız ticarətin asanlaşdırılması, məlumat mübadiləsinin gücləndirilməsi, eləcə də elektron sənədlərin mübadiləsi zamanı ortaya çıxan məsələlər müzakirə olunub.
Sessiya iyunun 7-də yekunlaşacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi