Dövlət Gömrük Komitəsi ilə "Caspian European Club"un birgə işçi qrupunun iclası keçirilib
Dövlət Gömrük Komitəsi ilə "Caspian European Club"un birgə işçi qrupunun iclası keçirilib
Yanvarın 16-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə "Caspian European Club"un birgə işçi qrupunun iclası keçirilib.
İclasda Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general mayoru Cavad Qasımov, aidiyyəti qurumların rəhbərləri və "Caspian European Club" və "Caspian American Club"ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov fəal əməkdaşlığa, sahibkarların üzləşdikləri problemlərin üzə çıxarılmasında və onların həlli üzrə təkliflərin öyrənilməsindəki birgə işə görə Caspian European Club-a minnətdarlığını bildirib.
"Son bir neçə ildə bizim birgə işçi qrupumuz biznes nümayəndələrini narahat edən müxtəlif məsələlərin müzakirəsində çox fəal iştirak edib. Təklif edirəm bu toplantılar hər ay keçirilsin ki, biz də görülmüş işlərə yekun vura və operativ həlli tələb olunan məsələlərə dərhal reaksiya verə bilək" - deyə Cavad Qasımov bildirib.
Cavad Qasımov Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatlar, ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması və kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində müəyyənləşdirilən hədəflərdən danışıb.
Sədr müavini qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, tətbiq edilən yeniliklərdən bəhs edib və forum iştirakçılarını gələcək hədəflər barədə məlumatlandırıb.
"Caspian European Club" və "Caspian American Club"ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev, iclasda "Caspian European Club" nəqliyyat komitəsinin təmsilçilərinin iştirak etdiyini və onların öz fəaliyyətləri dövründə hər gün DGK-nın nümayəndələri ilə ünsiyyətdə olduqlarını bildirib.
Telman Əliyev sıx əməkdaşlığa və konstruktiv dialoqa görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkür edib və bundan sonra hər ay iqtisadiyyatın müxtəlif sektorlarının təmsilçilərinin fikir, problem və təkliflərini öyrənəcəklərini, onları əhəmiyyətliliyinə və mürəkkəbliyinə uyğun olaraq sistemləşdirib birgə işçi qrupu çərçivəsində müzakirəyə çıxaracaqlarını söyləyib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi