Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Gömrük Akademiyasında 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rəisi Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq, bu faciənin Azərbaycanın müstəqillik tarixində qan yaddaşı olmaqla yanaşı, həm də şərəf və qürur səhifəsi olduğunu bildirib.

O, 20 yanvar 1990-cı ilin xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdiyini vurğulayıb.

Faciənin baş verdiyi dövrə nəzər salan Qulu Novruzov o dövrün gərgin ictimai-siyasi hadisələri, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından söz açıb. Akademiya rəisi diqqətə çatdırıb ki, bu faciəni törədənlərin məqsədi Azərbaycan xalqının iradəsini qırmaq, azadlıq eşqini məhv etmək olsa da, bu niyyətlərinə çata bilməyiblər. Çünki bu tarix xalqımızın şərəf və qəhrəmanlıq tarixidir.

Qulu Novruzov ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 1994-cü il yanvar ayının 5-də məhz Ulu öndərin müvafiq fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və həmin ilin mart ayında təsdiqlənən sənədlə ilk dəfə 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.

Akademiya rəisi gənclərə Azərbaycan xalqının başına gələn faciələri, xalqımızın şanlı, xüsusən müstəqillik dövrünün tarixini dərindən öyrənməyi tövsiyə edib və gələcək nəsillərə də qəhrəmanlıq, zəfər tarixi kimi ötürməsinin vacibliyini vurğulayıb.

Şəhid ailəsinin üzvü Arif Məhərrəmov, Şəhidlər xiyabanının salınmasında iştirak edən dəfn komissiyasının üzvü Azər Nəbiyev çıxış edərək, faciənin Azərbaycan xalqının tarixindəki dərin izlərini və bu faciənin hər zaman xatırlanacağını vurğulayıblar. Hər iki çıxışçı hadisələrin canlı şahidləri olaraq 20 yanvar faciəsinin təfərrüatları barədə geniş məlumat veriblər və öz xatirələrini paylaşıblar.

Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra Akademiyanın tələbələri çıxışlar edib, 20 yanvar tarixinə həsr olunan şeirlər səsləndiriblər.

17 Yanvar 2020 00:00
195