Azərbaycan və Bolqarıstan gömrük xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan və Bolqarıstan gömrük xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Bolqarıstan Maliyyə Nazirliyinin Milli Gömrük Orqanının baş direktoru Georgi Dimov Georgievin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi də anılıb.
Sonra nümayəndə heyətinin üzvləri Bakı Baş Gömrük İdarəsi, Abşeron Logistika Mərkəzində gömrük işinin təşkili prosesini əyani şəkildə izləyib, rəsmiləşdirilmə prosesində tətbiq edilən yeniliklər barədə məlumatlandırılıblar. Həmçinin Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinə də səfər edilib.
İyunun 20-də Azərbaycan və Bolqarıstan gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın, məlumat mübadiləsinin gücləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılmasına dair fikir mübadiləsi aparılıb. Eyni zamanda Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS), informasiya texnologiyaları, hüquqpozmalar sahəsində tətbiq edilən yeniliklər, XİF MN kodları və gömrük dəyərinin müəyyən edilməsində müasir yanaşmalara dair təqdimatlar nümayiş etdirilib, Bolqarıstanda gömrük işinin müxtəlif sahələri, o cümlədən gömrük işinin rəqəmsallaşması, gömrük hüquqpozmalarına qarşı mübarizə sahələrində təcrübələr bölüşülüb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Görüşdən sonra Bolqarıstan gömrük xidmətinin nümayəndə heyəti Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyəti ilə tanış olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi