Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

“Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

İyunun 25-də “Könüllü gömrükçü” dəstəsinin yaranmasının 5 illiyi münasibətilə forum və Dövlət Gömrük Komitəsində fəaliyyət göstərmiş 11 və 12-ci “könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatların verilməsi mərasimi keçirilib.

Forumda gömrük sistemində könüllülük hərəkatının yaradılması, gənclərin potensialından səmərəli istifadə edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərin əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, 5 il ərzində “Könüllü gömrükçü" dəstəsinə 1958 gənc cəlb edilib, onlardan 1575 nəfəri sertifikat əldə edib, komitənin müxtəlif sturuktur bölmələrində təcrübi biliklər qazanıblar.

105 könüllünün qatıldığı tədbirdə Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri “könülülük fəaliyyəti və onun əsas mahiyyəti”, “zirvəyə gedən yol”, “uğurun şərti, peşəkarlıq və peşə etikası, dürüstlük, komanda ruhu” və digər mövzularda təqdimatlarla çıxış ediblər, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonra 11 və 12-ci “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatların verilməsi mərasimi keçirilib.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümummilli Lider Heydər Əliyev əsasını qoyduğu gənclər siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində gənclərin sağlam, vətənpərvər  ruhda, hərtərəfli biliklərə malik ixtisaslı kadrlar kimi yetişməsi üçün bütün zəruri addımların atıldığını vurğulayıb.

Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi gömrük sistemində də gənclərə, o cümlədən könüllülük hərəkatının üzvlərinə  xüsusi diqqət göstərilir.

Sonda Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən 11və12-ci "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

25 İyun 2024 17:20
195