Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

TDƏŞ üzv dövlətlərin kinologiya sahəsində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üzrə seminar başlayıb

TDƏŞ üzv dövlətlərin kinologiya sahəsində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üzrə seminar başlayıb

Yanvarın 27-də Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin kinologiya sahəsində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üzrə seminar başlayıb.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin gömrük orqanlarının kinoloji xidmətlərinin mütəxəssisləri iştirak edir.

Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov seminarda xüsusi təqdimatla çıxış edərək gömrük-sərhəd keçid məntəqələrində aşkar olunan faktlar, gizli saxlanc yerləri, axtarış itlərinin təlimi və digər mövzular barədə ətraflı məlumat verib.

Qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparıldığı seminarda xarici mütəxəssislərin sualları cavablandırılıb.

Daha sonra qonaqlar Kinoloji Mərkəzin ərazisi ilə tanış olublar.

İlkin Osmanov Mərkəzin gündəlik iş prosesi, fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu müəssisə 2003-cü ildə istifadəyə verilib və təchizatına görə onun regionda analoqu yoxdur. 3,5 hektar ərazini əhatə edən Mərkəzin bazasında hazırda 60 baş xidməti it saxlanılır və bu il ərzində onların sayını 72-yə çatdırmaq nəzərdə tutulur.

Ekskursiya zamanı Mərkəzin təlim meydançasında xidməti axtarış itləri narkotik vasitələrin və digər qadağan olunmuş maddələrin aşkar edilməsi üzrə bacarıqlarını nümayiş etdirib, qonaqlar prosesləri yaxından izləyiblər.

Sabah, tədbirin ikinci günündə "Xidməti axtarış itlərinin tətbiqi ilə aşkar olunan hüquqpozma faktları" və "Axtarış itlərinin iybilmə qabiliyyəti haqqında"animasiya filmivə 2D formatında videoçarxın nümayiş etdirilməsi, "Narkotik vasitələrin və digər gömrük hüquqpozmalarının aşkar olunmasında xidməti axtarış itlərindən istifadə haqqında", həmçinin "Xidməti axtarış itlərinin ümumi itaətetmə təlimi"nin praktiki seminarının keçirilməsi nəzərdə tutulur.

Seminarın davamı olaraq nümayəndə heyəti yanvarın 28-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə səfər edəcək, idarədə aparılan praktiki işlərin əyani şahidi olacaqlar.

Qeyd edək ki, sözügedən seminar TDƏŞ üzv dövlətlərin gömrük idarələri arasında Gömrük Hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən təşkil olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Yanvar 2020 00:00
195