Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsinə mediatur təşkil edilib

Naxçıvan Baş Gömrük İdarəsinə mediatur təşkil edilib

Bu gün Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin və media nümayəndələrinin Naxçıvan Baş Gömrük İdarəsinə səfəri təşkil olunub.

Mediatur gömrük sistemində aparılan təkmilləşdirmələr, o cümlədən rəsmiləşdirilmə prosesində yeniliklər barədə Şura üzvləri və media nümayəndələrini məlumatlandırmaq məqsədilə təşkil edilib.

İlk olaraq şura üzvləri və media nümayəndələri Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında Hədəf və Koordinasiya Mərkəzinin, xidmətin təşkili şöbəsinin fəaliyyəti ilə tanış olublar.

Sonra keçirilən görüşdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev Naxçıvan gömrüyünün tarixi barədə məlumat verib, əsas inkişaf mərhələlərindən söz açıb.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə muxtar respublikanın iqtisadi təhlükəsizlik sisteminin formalaşdırılması, gömrük və ticarət münasibətlərinin qurulması istiqamətində kompleks tədbirlər həyata keçirilib, 24 fevral 1992-ci ildə “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması barədə” Fərman verilib.

O illərdə İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması və blokadada olan Naxçıvanın Türkiyə Respublikası ilə gediş-gəlişinin təmin olunması üçün Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 28 may 1992-ci ildə “Ümid” körpüsü - Sədərək-Dilucu körpüsünün, 3 dеkabr 1992-ci ildə isə Şahtaxtı-Pоldəşt körpüsünün açılış mərasimləri оlub.

Qeyd edilib ki, qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənib. Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərir, Şahtaxtı-Poldəşt gömrük-sərhəd buraxılış məntəqəsinin isə iş vaxtı 16 saata çatdırılıb.

Dövlət Gömrük Komitəsində aparılan struktur dəyişikliklərindən sonra Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək, Şahtaxtı, Culfa, Naxçıvan Karqo Terminalı gömrük postları formalaşdırılıb.

Bu gün muxtar respublika gömrük xidmətində müasir tələblərə cavab verən standartlar tətbiq olunur. Culfa, Şahtaxtı və Sədərək gömrük postlarında quraşdırılan rentgen-nəzarət qurğuları muxtar respublikaya bütün istiqamətlərdən gələn mallara, nəqliyyat vasitələrinə və sərnişinlərə gömrük nəzarətini daha dolğun və sürətli şəkildə həyata keçirməyə imkan verir.

Sonra DGK Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi Adil Muradov və Gömrük Tənzimlənməsi İdarəsinin rəisi Cəfər Quluzadə son dövrlərdə Azərbaycan gömrüyü tərəfindən rəqəmsal həllər əsasında reallaşdırılan layihələr barədə təqdimatlarla çıxış ediblər. 

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev bu kimi tədbirlərin əhəmiyyətini vurğulayaraq son illər gömrük sistemində həyata keçirilən təkmilləşdirmələri yüksək qiymətləndirib.

Mediatur iştirakçıları səfər çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində gömrük rəsmiləşdirməsi prosesini əyani şəkildə izləyib, Naxçıvan Karqo Terminalı gömrük postunda iş fəaliyyətini yaxından müşahidə edib, eləcə də Kinoloji Xidmət və Naxçıvan Baş Gömrük İdarəsinin Laboratoriyası ilə tanış olublar.  

Xatırladaq ki, mediatur iki gün davam edəcək və növbəti gün iştirakçılar Sədərək gömrük-sərhəd buraxılış məntəqəsində tətbiq edilən yeniliklərlə tanış olacaqlar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 İyul 2024 18:35
195