Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sərnişinlərə dair İlkin Məlumat və Sərnişin Adlarının Qeydiyyatı üzrə dördtərəfli texniki görüş keçirilib

Sərnişinlərə dair İlkin Məlumat və Sərnişin Adlarının Qeydiyyatı üzrə dördtərəfli texniki görüş keçirilib

Dövlət Gömrük Komitəsində (DGK) "Sərnişinlərə dair İlkin Məlumat və Sərnişin Adlarının Qeydiyyatı üzrə dördtərəfli texniki görüş" keçirilib. Görüşdə Dövlət Gömrük Komitəs i sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının "Hunter" layihəsinin regional rəhbəri Ceyn Vuli, layihənin Azərbaycan üzrə rəhbəri Ancela Volmsli, BMT-nin Terrorla Mübarizə Bürosunun əməkdaşı Simon Deynan, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qorçiyev iştirak ediblər.

Görüşdə qonaqları səmimi salamlayan Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində innovativ islahatlar həyata keçirildiyini, bu islahatların nəticəsində beynəlxalq təcrübə nəzərə alınmaqla müasir və yeni çağırışlara cavab verən struktur formalaşdırıldığını, yeni idarəçilik mexanizmlərinin tətbiq edildiyini qonaqların diqqətinə çatdırıb. Komitə sədrinin müavini gömrük sistemindəki bütün texnoloji proseslərin İT üzərində qurulduğunu, elektron bəyannamənin tətbiq edildiyini bildirib, "Bir pəncərə" prinsipi, "Bir inspektor – bir nəqliyyat vasitəsi", "Yaşıl dəhliz" kimi layihələrin beynəlxalq ticarətin asanlaşdırılması, şəffaflığın təmin olunması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsində mühüm rol oynadığını vurğulayıb.

Qeyd olunub ki, 2019-2020-ci il DGK-nın inkişaf konsepsiyasında Sərnişinlərə dair ilkin məlumat (API) və Sərnişin adlarının qeydiyyatı (PNR) sistemlərinin tətbiqi də nəzərdə tutulub. Bu məqsədlə aidiyyəti dövlət qurumlarına müraciət olunduğunu bildirən Cavad Qasımov Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq tapşırıqlar verildiyini, tapşırığa uyğun olaraq hüquq mühafizə orqanlarının, müvafiq nazirliklərin və daşıyıcı şirkətlərin yüksək vəzifəli nümayəndələrindən ibarət işçi qrupun yaradıldığını və bu istiqamətdə fəaliyyət istiqamətlərinin və hədəflərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Daha sonra BMqT-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vladimir Qorçiyev, BMT-nin Terrorla Mübarizə Bürosunun əməkdaşı Simon Deynan, Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının "Hunter" layihəsinin regional rəhbəri Ceyn Vuli çıxış edərək "Sərnişinlərə dair ilkin məlumat və Sərnişin adlarının qeydiyyatı" sistemlərinin tətbiqi ilə bağlı işçi qrupun yaradılmasını və DGK tərəfindən atılan addımları yüksək qiymətləndiriblər. Onlar sistemin tezliklə Azərbaycanda həyata keçirilməsi üçün lazım olan dəstəyi göstərməyə hazır olduqlarını da xüsusi vurğulayıblar.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, ekspertlərin sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 Fevral 2020 00:00
195