Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında Beynəlxalq Qış məktəbi başa çatıb

Gömrük Akademiyasında Beynəlxalq Qış məktəbi başa çatıb

Fevralın 12-də Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) birgə təşkilatçılığı ilə baş tutan IV Beynəlxalq Qış məktəbinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbəri Mixail Kaşubski, Akademiyanın əməkdaşları, Qış məktəbinin təlimçiləri, yerli və xarici universitetləri təmsil edən müəllim-tələbə heyəti iştirak ediblər.

Bağlanış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev Qış məktəbinin uğurla başa çatdığını bildirib. O, həm ünsiyyət, həm də tədbirin proqramı çərçivəsində təşkil olunan asudə vaxtın bölüşdürülməsi baxımından 8 günlük təlimlərin çox məhsuldar olduğunu deyib. İqbal Babayev Qış məktəbinin iştirakçılar arasında ünsiyyətlə yanaşı, ali təhsil müəssisələri arasında təcrübə mübadiləsinin həyata keçirilməsində əhəmiyyətini vurğulayıb.

Gömrük Akademiyasının rəisi Qulu Novruzov beynəlxalq əməkdaşlığa mühüm önəm verildiyini və prioritet olduğunu bildirib. INCU-nun Regional ofisinin məhz Akademiyada yerləşdiyini diqqətə çatdıran Qulu Novruzov deyib ki, gömrük xidməti əməkdaşları beynəlxalq səviyyədə biliklərə sahib olmalıdırlar.

INCU-nun Katibliyinin rəhbəri Mixail Kaşubski Qış məktəbinin təşkilində göstərdiyi dəstəyə görə Dövlət Gömrük Komitəsinin və Gömrük Akademiyasının rəhbərliyinə təşəkkür edib. Budəfəki Qış məktəbinin yeni formatda keçirildiyini, daha maraqlı təşkil olunduğunu deyən Mixail Kaşubski iştirakçıların qruplar şəklində öz layihələrini təqdim etdiklərini qeyd edib.

Sonra iştirakçılara sertifikatlar təqdim olunub.

Xatırladaq ki, fevralın 4-12 tarixlərini əhatə edən Qış məktəbində Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinin, həmçinin Rusiya Gömrük Akademiyası, Samara Dövlət Texniki Universiteti, Özbəkistan Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutu, Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun tələbə və əməkdaşlarından ibarət nümayəndələr iştirak ediblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

13 Fevral 2020 00:00
195