Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Beynəlxalq humanitar hüquq sahəsində seminar keçirilir

Beynəlxalq humanitar hüquq sahəsində seminar keçirilir

Fevralın 19-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Beynəlxalq humanitar hüquq sahəsində seminar öz işinə başlayıb. Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları üçün reallaşdırılan seminar Amerika Birləşmiş Ştatları Beynəlxalq Hüquqi Araşdırmalar üzrə Müdafiə İnstitutu tərəfindən təşkil edilib.

Məqsəd beynəlxalq hüquq çərçivəsində insan hüquqlarının vacibliyini müzakirə etmək, sazişlər-bu sahədəki digər mövzularla bağlı təhlil və birgə təcrübə mübadiləsi aparmaqdır.

Seminarın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov gömrük xidmətində aparılan islahatlardan bəhs edib, gömrükçülərin peşə hazırlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə DGK-nın şəxsi heyəti arasında attestasiya keçirildiyini, mütəmadi olaraq kurslar təşkil edildiyini bildirib. Əməliyyat-İstintaq Baş İdarəsinin iş prinsipi ilə bağlı da ətraflı məlumat verən Məsum Rəsulov rəhbərlik etdiyi idarənin əməkdaşları üçün də mütəmadi kursların təşkil edildiyini, peşə bacarıqlarının artırılması istiqamətində bu kimi təlimlərin davamlı olacağını vurğulayıb. Sonda tədbir iştirakçılarına uğurlar arzulayan baş idarə rəisi onlara müzakirə olunan mövzuları yaxşı mənimsəməyi, ekspertlərin məruzələrindən maksimum faydalanmağı tövsiyə edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Ramiz Hümbətov bu günki seminarın məlumat mübadiləsinin aparılmasında, insan hüquqları müstəvisində əhəmiyyətli olduğunu vurğulayıb və tədbir təşkilatçılarına təşəkkürünü bildirib.

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin icracı katibi Hacı Hacıyev, Amerika Birləşmiş Ştatları Beynəlxalq Hüquqi Araşdırmalar üzrə Müdafiə İnstitutunun nümayəndəsi Richard Fay çıxışlarında seminarın əhəmiyyətindən danışıblar, onlar tədbirin beynəlxalq hüquq sahəsindəki bilik və bacarıqların artırılmasında mühüm rol oynayacağını vurğulayıblar.

Daha sonra seminar öz işinə başlayıb.

Amerika Birləşmiş Ştatları Beynəlxalq Hüquqi Araşdırmalar üzrə Müdafiə İnstitutunun ekspertləri təqdimatlarla çıxış ediblər. "İnsan hüquqlarına hörmətlə yanaşma və riayət etmə", "Regional beynəlxalq insan haqları sazişi", "İşgəncələrə-digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftara qarşı hüquqlar", "Beynəlxalq hüquqda gender zorakılığı və insan alveri məsələləri", "Hüquq mühafizə orqanlarında gücdən istifadəetmə", o cümlədən digər mövzularda məruzələr dinlənilib.

Fevralın 20-dək davam edəcək seminarın növbəti günündə isə "Beynəlxalq silahlı münaqişələr və hüquq", "Güc tətbiqetmənin qaydaları", "Silahlı münaqişələr hüququna əsasən hədəfin seçilməsi" adlı bir sıra təqdimatların müzakirəsi də nəzərdə tutulur.

Xatırladaq ki, seminarın sonunda iştirakçıların əldə etdikləri biliklər qiymətləndiriləcək, onlara sertifikatlar təqdim olunacaq.

DGK Mətbuat və İctimaiyyətləƏlaqələr İdarəsi

19 Fevral 2020 00:00
195