Azərbaycan və Litva gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunub
Azərbaycan və Litva gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunub
Fevralın 21-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanla Litva arasında mövcud əməkdaşlıqdan bəhs edib, tərəflər arasında əlaqələrin bütün sahələri əhatə etdiyini vurğulayıb, qarşılıqlı fəaliyyətin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verib, tətbiq edilən yeniliklərin ölkənin ixrac potensialını inkişaf etdirmək, gömrük prosedurlarını sadələşdirmək, şəffaflığı təmin etməklə yanaşı, beynəlxalq ticarətin asan və sürətlə həyata keçirilməsinə münbit şərait yaratdığını da söyləyib. Qeyd edilib ki, gömrük sahəsində aparılan struktur və kadr islahatlarında məqsəd peşəkar və bilikli kadrları işə cəlb etməklə çevik və dinamik gömrük xidməti formalaşdırmaqdır.
Azərbaycan və Litva gömrük xidmətləri arasında mövcud əməkdaşlıqdan söhbət açan Səfər Mehdiyev iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində səylərin daha da gücləndirilməsinin vacibliyinə toxunub, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
İki ölkə arasında gömrük sahəsində münasibətlərin inkişaf tempindən danışan səfir bu əlaqələrin perspektivlərinə toxunub. Eqidius Navikas Azərbaycan və Litva gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi