"X-Ray (Rentgen) təsvirlərinin təhlili" mövzusunda təlim keçirilir
"X-Ray (Rentgen) təsvirlərinin təhlili" mövzusunda təlim keçirilir
Martın 2-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "X-Ray (Rentgen) təsvirlərinin təhlili" mövzusunda dördgünlük təlim başlayıb.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə ABŞ-ın İxraca nəzarət və müvafiq sərhəd təlükəsizliyi proqramı layihəsi çərçivəsində reallaşdırılan təlimdə Komitənin aidiyyəti struktur bölmələri, ərazi və ixtisaslaşmış gömrük idarələri və Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları iştirak edir.
Təlimlər ABŞ-ın İxraca nəzarət və müvafiq sərhəd təlükəsizliyi proqramının təlimçiləri Devid Dyuk və Riçard Kastillo tərəfindən aparılır.
Təlimin keçirilməsində əsas məqsəd X-Ray (Rentgen) aparatında çalışan gömrük əməkdaşlarının bilik və bacarıqlarını artırmaq, ABŞ təcrübəsini paylaşmaq, həmçinin qarşılıqlı təcrübə mübadiləsini həyata keçirməkdir.
Seminarın açılış mərasimində çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən gömrük sferasında aparılan uğurlu islahatlardan, əldə olunan müsbət nəticələrdən bəhs edib. Məhz gömrük sistemindəki sturuktur dəyişikliyi sayəsində bütün ərazi və ixtisaslaşmış gömrük orqanlarında xüsusi şöbələrin- texniki nəzarət şöbələrinin yarandığını diqqətə çatdıran baş idarə rəisi artıq gömrük nəzarətinin risk analizləri sistemi əsasında həyata keçirildiyini, texniki nəzarət vasitələrinin tətbiqi sisteminin əsas prioritet sahələrdən olduğunu bildirib.
Təlimin gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını qeyd edən Səməd Qaralov iştirakçılara mövzuları yaxşı mənimsəməyi, ekspertlərin məruzələrindən maksimum faydalanmağı tövsiyə edib, tədbir iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov çıxış edərək son dövrlərdə gömrük sistemində aparılan islahatların uğurla həyata keçirilməsində gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması, potensialının gücləndirilməsi ilə bağlı təlim və seminarların mühüm rol oynadığını xüsusi vurğulayıb.
Akademiya rəisi gömrük əməkdaşlarının dünyadakı yeniliklərə hər zaman açıq olmaları, yeni biliklər əldə etmələrinin vacibliyini qeyd edib. Təlimin mahiyyəti və mövzusuna toxunan Qulu Novruzov son bir ildə gömrük nəzarəti avadanlıqları ilə bağlı müxtəlif çoxsaylı tədbirlərin keçirildiyini bildirib.
ABŞ Dövlət Departamentinin İxracata Nəzarət və Əlaqəli Sərhəd Təhlükəsizliyi Proqramının regional müşaviri Keys Roberts də çıxışında İxracata Nəzarət və Əlaqəli Sərhəd Təhlükəsizliyi Proqramının Dövlət Gömrük Komitəsi ilə yaxından əməkdaşlıq etdiyini, bu əməkdaşlıq çərçivəsində keçirilən X-Ray (Rentgen) qurğuları ilə bağlı təlimin də xüsusi əhəmiyyətinə toxunub.
Ekspertlər– Devid Dyuk və Riçard Kastillo da çıxış edərək təlimin iştirakçılar üçün faydalı olacağını, tədbirin texniki nəzarət qurğuları sahəsindəki bilik və bacarıqların artırılmasında mühüm rol oynayacağını xüsusi olaraq vurğulayıblar.
Daha sonra seminar öz işinə başlayıb.
Martın 6-dək davam edəcək təlimdə radiasiya maariflənməsi, avadanlıq texnologiyası, əməliyyat prosedurları, təsvirin oxunması, müsahibə texnikaları, davranış analizləri, sərnişin nəqliyyat vasitəsi təsvirinin analizi, yük nəqliyyat vasitələrinin analizləri və digər mövzularda iştirakçılara ətraflı məlumat veriləcək.
Xatırladaq ki, seminarın sonunda iştirakçıların əldə etdikləri biliklər qiymətləndiriləcək, onlara sertifikatlar təqdim olunacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi