Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ukrayna və Moldova gömrükçüləri Azərbaycanın təcrübəsini öyrənir

Ukrayna və Moldova gömrükçüləri Azərbaycanın təcrübəsini öyrənir

Azərbaycan gömrüyünün informasiya texnologiyalarının tətbiqi sahəsindəki təcrübəsini öyrənmək məqsədilə Ukrayna və Moldova gömrükçüləri ölkəmizə səfər edib.

Səfər Ukrayna ilə Moldova arasındakı sərhəd-buraxılış məntəqəsində videonəzarətin reallaşdırılmasına dair layihə çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə həyata keçirilir.

Qonaqlarla görüşən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev ölkəmizin gömrük sistemində aparılan islahatlar və bu islahatların uğurla reallaşdırılmasında informasiya texnologiyalarının rolu barədə məlumat verib.

Komitə sədrinin müavini biznes-prosesin səmərəli idarə olunması, gömrük prosedurlarının sadə və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin edilməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi istiqamətində informasiya texnologiyalarından geniş istifadə olunduğunu bildirib.

Qeyd edək ki, 5 gün davam edəcək səfər çərçivəsində ukraynalı və moldovalı gömrükçülərə Azərbaycan gömrüyündə informasiya texnologiyalarının tətbiqi ilə bağlı həyata keçirilən layihələr barədə məlumat veriləcək. Eyni zamanda, qonaqlar müxtəlif ərazi və ixtisaslaşmış gömrük idarələrinə və postlara səfər edərək tətbiq edilən yeniliklərlə əyani şəkildə tanış olacaqlar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Mart 2020 00:00
195