Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı (VİDEO)

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı (VİDEO)

Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə özünü "Aeterna Farm" MMC-nin hüquqi nümayəndəsi kimi təqdim edən şəxs Dövlət Gömrük Komitəsinin ünvanına həqiqətə uyğun olmayan ittihamlar irəli sürüb.

Həmin şəxs iddia edir ki, ötən ilin sentyabr ayının 18-də Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı guya qanunsuz şəkildə "Aeterna Farm" MMC-nin anbarına daxil olub, "qanuni" əsaslarla, "dövlət rüsumu ödənilməklə" Azərbaycan Respublikasına gətirilən dərman vasitələri və tibbi avadanlıqları götürərək şirkətə maddi ziyan vurub, "işgüzar" imicinə xələl gətiriblər.İddialara cavab olaraq bildiririk ki, "Aeterna Farm" MMC-nin anbarına baxış keçirilməsi, dərman və tibbi ləvazimatların götürülməsinə səbəb həmin hadisədən 2 gün əvvəl, yəni sentyabr ayının 16-da "Aeterna Farm" MMC-nin ünvanına gələn malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə cəhd göstərilməsidir.Belə ki, sentyabrın 16-da Gürcüstan istiqamətindən "Qırmızı Körpü" gömrük postuna daxil olmuş Azərbaycan Respublikası vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi "DAF" markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobilində Serbiya Respublikasından "Aeterna Pharma" şirkətinə 16422 avro dəyərində tibbi məhlul yükü göndərilməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədləri təqdim etməklə nəqliyyat vasitəsindəki yükü tibbi məhlul adı ilə qeydiyyatdan keçirib. Lakin avtomobil gömrük nəzarətinin başa çatdırılması üçün təyinatı üzrə stasionar rentgen qurğusundan keçməyərək birbaşa gömrük postunun yaxınlığında olan yanacaqdoldurma məntəqəsinə gətirilib, orada "DAF" markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanlarını açaraq həmin əraziyə əvvəlcədən gətirdiyi, yük yerində 3120 qutu tibbi məhlul olan, zahiri görünüşcə eynilik təşkil edən özünə məxsus digər "DAF" markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı yük avtomobilinin qeydiyyat nişanları ilə dəyişdirib. Həmçinin, nəqliyyat vasitəsinin üzərinə gömrük təminatı üçün qoyulmuş GPS (naviqasiya) qurğusunu yük yerinin trosunu kəsməklə çıxararaq digər nəqliyyat vasitəsinə quraşdırıb. Bundan sonra dərman vasitələri yüklü nəqliyyat vasitəsini Vüqar Qədirov idarə edərək hərəkətini Bakı şəhəri istiqamətində davam etdirib, tibbi məhlul yüklü digər nəqliyyat vasitəsi isə razılaşdıqları kimi qardaşı, Azərbaycan Respublikası vətəndaşı Qədirov Xəqani Dilqəm oğlu tərəfindən idarə edilərək stasionar rentgen qurğusunun olduğu əraziyə gətirilib. Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan Vüqar Qədirovun idarə etdiyi "DAF" markalı nəqliyyat vasitəsi Qazax rayonunun girişində saxlanılaraq "Qırmızı Körpü" gömrük postuna qaytarılıb və ilkin baxış zamanı nəqliyyat vasitəsinin kabinəsində aşkar edilmiş 745 adda 1899172,23 manat dəyərində dərman preparatları aşkar edilib. Həmin fakta görə 17 sentyabr 2019-cu il tarixdə DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə iş başlanıb. İstintaq zamanı müəyyən edilib ki, qaçaqmalçılıq yolu ilə keçirilmiş 745 adda 1899172,23 manat dəyərində dərman preparatlarının 674 adda 1572066,29 manat dəyərində olan hissəsi qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman preparatlarıdır. Göstərilənlər nəzərə alınmaqla cinayət işi Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən, AR CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrinə tövsif edilib və istintaqı davam etdirilib.Qeyd edilməlidir ki, "Aeterna Farm" MMC–nin anbarından dərman preparatlarının götürülməsi AR cinayət prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni və əsaslıdır. Belə ki, cinayət işinin istintaqı zamanı müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına müvafiq olaraq Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18.09.2019-cu il tarixli qərarına əsasən "Aeterna Farm" MMC–nin anbarına həmin anbarın maddi məsul şəxslərinin iştirakı ilə axtarış və götürmə istintaq hərəkəti həyata keçirilib. İstintaq hərəkəti başlanmazdan əvvəl məhkəmə qərarı "Aeterna Farm" MMC–nin direktoru İskəndərli İlqar Qayıbverdi oğluna elan edilib, o, bu barədə məhkəmə qərarının surətində müvafiq qeydlər aparıb və istintaq hərəkətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Fiziki və kimyəvi ekspertizalar şöbəsinin əməkdaşının iştirakı təmin edilib.Axtarış və götürmə zamanı müəyyən edilib ki, "Aeterna farm" MMC Serbiya Respublikasından 11.07.2019-cu il tarixdə 2956 qutuda olan "Hartman Solution İni 500 ml" və "Ringer Solution İni 500 ml" dərman vasitələri idxal edib, mövcud qanunvericiliyə əsasən həmin tibbi məhlulla bağlı "Aeterna farm" MMC Səhiyyə Nazirliyindən müvafiq icazə sənədi əldə edənədək gömrük ödənişi ödənilmədən həmin tibbi məhlullar gömrük orqanı tərəfindən qanunverciliyə əsasən 4 ay müddətinə "Aeterna farm" MMC-nin anbarında müvəqqəti saxlanca verilib və anbar plomblanıb. Lakin həmin tibbi məhlul yükü ilə bağlı sərəncam vermək hüquq olmadığı halda "Aeterna farm" MMC rəhbərliyi tərəfindən gömrük qanunvericiliyin tələblərinə zidd olaraq anbarda olan plomblar qopardılıb, Vüqar Qədirovun qaçaqmalçılıq yolu ilə gətirdiyi dərman preparatları ilə yerlərinin dəyişdirilməsi üçün həmin tibbi məhlulun bir qismi əvvəlcədən V.Qədirova məxsus nəqliyyat vasitəsinə yerləşdirilib. Daha sonra "Aeterna farm" MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatların əks edildiyi qısa idxal bəyannaməsi təqdim edilərək V.Qədirova məxsus 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobili ilə guya Serbiya Respublikasından yenidən tibbi məhlul yükünün idxal ediləcəyi əvvəlcədən bəyan edilib. Halbuki, həmin tibbi məhlul yükü artıq idxal edilmiş və "Aeterna farm" MMC anbarına müvəqqəti saxlanca verilmişdi. İstintaq zamanı müəyyən edilib ki, gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallardan, bəyannaməyə əlavə edilən invoys sənədində ayrı-ayrılıqda qeyd edilmiş dərman vasitələrinin heç birinin yerində olmadığı, gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallardan isə, bəyannaməyə əlavə edilən invoys sənədində qeyd edilmiş 16560 flakon "Ringer Solution İni 500 ml" dərman vasitəsindən 10260 flakonun, 13000 "Hartman Solution İni 500 ml" dərman vasitəsinin 12400 flakonun yerində olmadığı müəyyən edilib və müvafiq protokol tərtib olunub.Axtarış və götürmə istintaq hərəkəti zamanı həmin ərazidə 4 anbarın olduğu, həmin anbarlarda Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi "DAF" markalı, 99RM810/60ZA811 və "DAF FTXF 105" markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitələrində aşkar edilmiş dərman preparatları ilə eynilik təşkil edən dərman preparatları da daxil olmaqla, ümumilikdə 75 adda 4555 qutu tibbi avadanlıq və 33 adda 3508 qutu dərman preparatlarının anti-sanitariya şəraitində saxlanıldığı müəyyən edilib, həmin tibbi avadanlıq və dərman preparatları normativ-texniki sənədlərin tələblərinə cavab verib-verməməsi, dövlət qeydiyyatından keçib-keçməməsi, yararlı olub-olmamasının müəyyən edilməsi üçün götürülüb. Bundan əlavə, istintaq hərəkəti zamanı faktiki olaraq anbara daxil olan və çıxan tibbi avadanlıq və dərman preparatlarının adlarının əks edildiyi, ciddi hesabat sənədləri olmayan, 3 ədəd qara-mühasibatlığın əks edildiyi kitabçalar və digər əlyazmalar aşkar edilərək götürülüb. Qeyd edilməlidir ki, həmin tibbi ləvazimatlar içərisində guya 3000 ədəd qoruyucu maskanın olması həqiqəti əks etdirmir, götürülmüş dərman vasitələri və tibbi ləvazimatlar tərəflərin iştirakı ilə tərtib edilmiş müvafiq sənədlər əsasında götürülüb və həmin sənədlərin nüsxələri qarşı tərəfə təqdim edilib. Bununla yanaşı, anbardan götürülmüş, ümumilikdə 389 200 ədəd şprislər "Azərbaycan Standartladırma İnstitutu" Publik Hüquqi Şəxsinin müvafiq rəyinə əsasən standartlara cavab vermir, istifadəyə yararsızdır və insan sağlamlığı üçün zərərlidir.Səsləndirilən digər iddiaya gəlincə, bildiririk ki, 18.09.2019-cu il tarixdə "Aeterna Farm" MMC–nin anbarında foto, video çəkilişlərdən istifadə edilməklə aparılan axtarış və götürmə zamanı həmin anbarların havalandırma sistemləri ilə təmin edilmədiyi, anbarlar standartlara cavab vermədiyi, antisanitar şəraitdə olan 2 anbarın divarının dəmir örtüklərlə örtüldüyü müəyyən edilib.Lakin sosial şəbəkədə yayılan videodan görünür ki, "Aeterna Farm" MMC tərəfindən onlara məxsus anbarlar sonradan əsaslı təmir edilib, fasad hissəsində olan, dərman vasitələrinin saxlanması standartına cavab verməyən dəmir örtüklər çıxarılıb, yeni qapılar qoyulub, tikinti işləri aparılıb və müvafiq havalandırma sistemi ilə təchiz edilib. Odur ki, ictimaiyyəti çaşdırmağa yönələn həmin videoda qərəzli olaraq yalan məlumatlar verilməklə həmin anbarların standartlara cavab verdiyi görüntüsü yaradılıb.Xatırladaq ki, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda dövlət qeydiyyatı tələb olunduğu halda dövlət qeydiyyatından keçməyən dərman preparatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsi əməllərinə görə Qədirov Xəqani Dilqəm oğlu və Qədirov Vüqar Dilqəm oğlu Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib.Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə kifayət qədər əsaslar olduğuna görə "Aeterna Farm" MMC-nin baş direktoru İskəndərli İlqar Qayıbverdi oğlu, həmin cəmiyyətin direktoru Hacızadə Cavid Eldar oğlu və İsgəndərov Elnur Qayıbverdi oğlu istintaq orqanın çağırışlarına gəlməkdən imtina etdiklərinə, istintaqın gedişinə maneçilik törətdiklərinə görə onlar barələrində axtarış elan edilib.Axtarış və götürmə istintaq hərəkəti zamanı "Aeterna farma"MMC-nin anbarından götürülmüş qara-mühasibatlıq sənədlərində və şahid ifadələri ilə göstərilən faktlar öz təsdiqini tapıb."Aeterna Farm" MMC–nin nümayəndəsinin rəsmi müraciətlərinə AR cinayət prossesual qanunvericiliyinin tələblərinə əsasən baxılıb və rəsmi olaraq cavablar verilib. Belə ki, "Aeterna Farm" MMC–nin nümayəndəsinin DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə sonuncu müraciəti 12.03.2020-ci il tarixdə daxil olub və həmin müraciət AR cinayət prossesual qanunvericiliyinə əsasən vəsatət kimi qəbul edilərək araşdırılıb və 16.03.2020-ci il tarixdə vəsadətin rədd edilməsi barədə prossesual qərar qəbul edilib, qərarın surəti müraciət müəllifinə və ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurorluğa göndərilib.Nəhayət "Aeterna Farm" MMC-nin gömrük orqanları tərəfindən götürülən dərman preparatları və tibbi avadanlıqları koronavirusla mübarizə tədbirləri çərçivəsində dövlətə bağışlamaq istəməsi isə məsuliyyətdən yayınmaq üçün atılan uğursuz addımdır və bu həssas məqamdan şəxsi mənafe üçün faydalanmaq cəhdidir. İlk növbədə qanunvericiliyin tələblərinə əsasən götürülmüş bütün dərman preparatları və tibbi ləvazimatlar hazırda istintaqı aparılan cinayət işi üzrə maddi sübut kimi tanınıb.Gətirdiyi mallara dair bəyannamədə yalan məlumatlar verməklə dövləti aldatmağa çalışan, anbarına dövlət qurumu tərəfindən vurulan plombu qırmaq, götürülməsi qadağan olunan malları istifadə etməklə dövlətin qoyduğu qaydalara əhəmiyyət verməyən, standartlara uyğun olmayan malları idxal etməklə vətəndaşların həyatına təhlükə törədən, istintaq orqanının çağırışlarına gəlməkdən imtina etməklə, istintaqın gedişinə maneçilik törətməklə dövlətin hüquq-mühafizə orqanlarının apardığı araşdırmaya etinasız yanaşanların dövlətçilik duyğularının anidən qabarmasının izahı isə yəqin ki istintaqın sonunda məlum olacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Mart 2020 00:00
195