Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Səfər Mehdiyev:Ulu öndər Ə.Heydər Azərbaycanın davamlı və dayanıqlı inkişaf strategiyasının təməlini qoydu

Səfər Mehdiyev:Ulu öndər Ə.Heydər Azərbaycanın davamlı və dayanıqlı inkişaf strategiyasının təməlini qoydu

Ümummilli lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz dahi rəhbərin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.Bu sözləri AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.O bildirib: "15 iyun - Milli Qurtuluş Günü... İyirmi yeddi il öncə baş verən bu tarixi hadisə xaosdan tərəqqiyə keçidin təməlini qoymaqla yanaşı, bu gün mövcudluğunun ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanın bütün uğurlarının zəminidir.1993-cü ilin iyun günlərində vətəndaş qarşıdurmasının, dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyununda xalqın təkidi ilə Ulu Öndər yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı. Ümummilli Liderin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan bu gün onun ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Ulu Öndərin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan bir dövləti kimi nüfuzunu artırır".S.Mehdiyev qeyd edib ki, 1990-cı illərin əvvəlində Sovet İttifaqının tənəzzülə uğraması bütün müttəfiq respublikalara təsirini göstərdi, siyasi xaos yarandı, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi Azərbaycanı da çıxılmaz vəziyyətə saldı. Vəziyyətin dərinləşməsi ölkəmizə hərbi müdaxilə ilə nəticələndi, ərazisinin 20 faizi işğal edildi, erməni təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşdü, erməni qəsbkarlarının soyqırımı törətməsinin nəticəsi olaraq azərbaycanlılar öz doğma vətənlərində qəddarcasına qətlə yetirildi.Həmin dövr siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə səciyyələnirdi. Ermənistanın təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Ölkəmiz bir yandan vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş, hakimiyyət uğrunda gedən mübarizə və səriştəsiz siyasətçilərin şəxsi maraqları naminə çəkişmə meydanına çevrilmiş, digər yandan isə işğal edilməkdə idi.Komitə sədrinin sözlərinə görə, Vətənin bu ağır dövründə ulu öndər Heydər Əliyev yüksək idarəçilik təcrübəsini nümayiş etdirərək ölkəni vətəndaş müharibəsindən, böyük itkilərdən, qardaş qanının axıdılmasından qorudu və ən əsası, Azərbaycan dövlətini və dövlətçiliyini parçalanmaqdan xilas etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini və dövlətçiliyini bir bütün olaraq saxlamağı bacardı və onun davamlı, dayanıqlı inkişaf strategiyasının təməlini qoydu.Əslində isə bütün bunlara nail olmaq asan başa gəlməyib. Hələ XX əsrin 70-ci və 80-ci illərinin əvvəlində ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə istehsal, elm və kadr potensialı inkişaf etdirildi, respublika və region üçün böyük iqtisadi inkişafın təməli qoyuldu. Hələ o zaman dahi rəhbərin idarəçiliyi nəticəsində Azərbaycan müttəfiq respublikalar sırasında öncül yerlərdən birini tuturdu.O deyib ki, Moskvada istefa verdikdən sonra Ümummilli Liderin 1991-1993-cü illərdə ilk olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərməsi və daha sonra xalqın təkidli tələbləri ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtması (Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi) öz həyatını xalqa həsr etmək qərarının nəticəsi idi. Ulu Öndər Vətənin ağır anında xalqın yanında olmağa, dövlət quruculuğuna yenidən başlamağa, dövlətçilik naminə mübarizə aparmağa üstünlük verdi və Azərbaycanın gələcək müqəddəratını və strategiyasını müəyyən etdi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu."Ulu öndər Heydər Əliyev Azərbaycan üçün çətin olan həmin dövrdə iqtisadi inkişaf siyasətini müəyyən etdi. Ümummilli Lider qısa zamanda yeni neft strategiyasının işlənib hazırlanması və beynəlxalq neft şirkətlərinin respublikaya dəvət olunması üçün qərar qəbul etdi. Ulu öndər Heydər Əliyev ölkənin iqtisadi cəhətdən inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar aldı. Beləliklə, iqtisadi siyasətin mühüm istiqaməti olan yeni neft strategiyasının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Bakı şəhərində 1994-cü ildə bağlanan beynəlxalq neft müqaviləsinin mühüm əhəmiyyətə malik olması nəzərə alınaraq, həmin müqavilə "Əsrin müqaviləsi" adlandırıldı. Bu hadisə Azərbaycan Respublikasının ümumi iqtisadi inkişafında strateji xətt olmaqla yanaşı, ölkənin inkişafında mühüm rol oynadı və dünya miqyasında mövqeyini yüksəltdi. "Əsrin müqaviləsi" Azərbaycanda sosial siyasətin miqyasının genişlənməsinə səbəb oldu, daxil olan böyük məbləğdə pul vəsaiti Azərbaycanın tənəzzül və xaosdan qurtulmasına imkan verdi", - deyə S.Mehdiyev vurğulayıb.DGK sədri əlavə edib ki, ulu öndər Heydər Əliyev siyasi fəaliyyəti, diplomatik istedadı, əzmi ilə bütövlükdə müasir Azərbaycan dövlətçiliyini perspektivli bir xəttə çıxardı. O, postsovet məkanında yeganə lider oldu ki, müstəqil dövlət quruculuğunu bütün istiqamətlərdə müasir tələblər səviyyəsinə yüksəltdi. Bununla Ümummilli Lider milli dövlət quruculuğu kursunu köhnəlikdən, əsası olmayan populizmdən xilas etdi. Ulu öndər Heydər Əliyev göstərdi ki, güclü dövlət qurmaq real qurtuluş yoludur. Demokratiya ancaq güclü dövlətin olduğu, qanunların aliliyinin təmin edildiyi yerdə mövcud ola bilər və bu tezisi konkret siyasi fəaliyyəti ilə tam sübut etdi.Ümummilli lider Heydər Əliyev ölkəmizin gələcək inkişafı haqqında deyirdi ki, mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir.S.Mehdiyev bildirib ki, Ümummilli Lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirib, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışıb. 1997-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılıb, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılıb, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılıb. Ümumiyyətlə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaradıb.Ümummilli lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz dahi rəhbərin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb."1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti yanında geniş tərkibdə keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyəti müzakirə edildi. Dövlət Gömrük Komitəsinin fəaliyyətini və yol verilmiş nöqsanları hərtərəfli təhlil edən ümummilli lider Heydər Əliyev vurğuladı ki, biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici-iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin. Dahi rəhbərin sərəncamına əsasən, 1997-ci ildən 30 yanvar tarixinin gömrükçülərin peşə bayramı günü kimi qeyd edilməsi də bu orqanın fəaliyyətinə verdiyi çox yüksək qiymətin, diqqət və qayğının bariz təzahürü idi.2003-cü ildən Ümummilli Liderin siyasətini uğurla həyata keçirən və yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətə çevirir. Dövlətimizin başçısı hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir", - deyə komitə sədri qeyd edib.S.Mehdiyev deyib ki, Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb. Gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə islahatların əhatə dairəsi genişləndirilib ki, bu da xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında və beynəlxalq ticarətin asanlaşdırılmasında əhəmiyyətli rol oynayıb.Xüsusilə, ötən ilin fevralından tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemi ölkəmizdə sahibkarlığın inkişafına daha da təkan verib. "Yaşıl dəhliz" buraxılış sistemi vətəndaş-məmur təmasının minimuma endirilməsinə, sahibkarların əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, könüllü riayət prinsipinin formalaşmasına şərait yaradıb.Onun sözlərinə görə, aparılan islahatlar, gömrük-keçid məntəqələrində quraşdırılan müasir avadanlıqlar və təkmilləşdirilmiş idarəetmə sistemi hesabına sərhədkeçmə prosesləri asan və sürətli şəkildə həyata keçirilir, sərhədlərdə yerləşən gömrük postlarının buraxılış qabiliyyəti dəfələrlə artırılır. Risklərin idarə edilməsi sisteminin, gömrük auditinin tətbiqi ilə yük və nəqliyyat vasitələri fiziki yoxlamalara deyil, risklərin qiymətləndirilməsi və təhlili əsasında yoxlanışa cəlb olunur. Ticarətin asanlaşdırılması mərkəzləri, ən müasir texniki vasitələr, "1 inspektor - 1 nəqliyyat vasitəsi", "e-növbə" kimi innovativ layihələr, informasiya texnologiyalarının tətbiqi hesabına sərhədkeçmə proseslərinə sərf olunan müddət 3 dəfəyə qədər azaldılıb.Əvvəlki dövrlə müqayisədə Azərbaycan gömrük orqanları tərəfindən 2018-2019-cu illərdə əlavə 2 milyard manatdan çox vəsaitin toplanaraq dövlət büdcəsinə ödənilməsi də mütərəqqi islahatların, innovativ layihələrin bəhrəsidir. Gömrük orqanlarının ən vacib fəaliyyət sahələrindən biri də qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır ki, son 2 ildə 4 tondan çox narkotik vasitənin aşkar edilərək dövriyyədən çıxarılması gömrük orqanlarının bu sahədə də səmərəli fəaliyyətindən xəbər verir.Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük xidməti ölkədə aparılan islahatların davamlılığını təmin etməklə, iqtisadi təhlükəsizliyin keşiyində bundan sonra da şərəflə duracaq. Son iki ildə gömrük sistemində aparılan islahatların dövlətimizin başçısı tərəfindən yüksək dəyərləndirməsi gömrük orqanlarının fəaliyyətinə böyük stimul olmaqla yanaşı, ölkəmizin iqtisadi inkişafı üçün daha da əzmlə çalışmağa sövq edir.Sonda S.Mehdiyev əlavə edib ki, bu gün müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət tam mahiyyəti ilə vətəndaş amilinin mənafeyinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir. Müstəqilliyin bəhrələrini zaman keçdikcə Azərbaycan vətəndaşı öz taleyində, həyatında daha qabarıq hiss edir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan xalqı bu gün özünün uğurlu inkişaf yoluna görə qüdrətli liderinə - ulu öndər Heydər Əliyevə borcludur. Məhz ümummilli lider Heydər Əliyev siyasətinin ötən illərdə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi hər bir vətəndaş üçün qürur mənbəyinə çevrilib.Azərbaycan gömrükçüləri də müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda fəaliyyətdə yaxından iştirak edir, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edir.

15 İyun 2020 00:00
195