Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Bəzi kütləvi informasiya vasitələrində yayımlanan və "Grant Aqro Servis" MMC-nin rəhbəri Babayev Fərhad Vidadi oğluna məxsus olduğu bildirilən açıqlamada Dövlət Gömrük Komitəsinə, onun rəhbərliyinə qarşı həqiqətə uyğun olmayan, haqsız ittihamlar irəli sürülür. Belə ki, həmin şəxs idxal etdiyi mallara görə terminalda ondan qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin tələb edildiyini bildirir, buna görə gömrük orqanlarını günahlandırır və Dövlət Gömrük Komitəsinə etdiyi müraciətlərə cavab verilmədiyini iddia edir.

Dövlət Gömrük Komitəsi bildirir ki, həmin terminal Komitənin sisteminə daxil olan qurum deyil və burada göstərilən xidmətlərin növü, dəyəri sahibkarla terminal sahibi tərəfindən tənzimlənir. Üstəlik sahibkarların, o cümlədən Fərhad Babayevin mallarını daşıyan yük nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən məcburi qaydada həmin dayanacağa yönləndirilməsinə dair iddialar tamamilə əsassızdır.

Məsələ ilə bağlı gömrük orqanlarına edilən müraciətlərin cavabsız qalması barədə deyilənlər isə həqiqətə uyğun deyil. Belə ki, "Grant Aqro Servis" MMC-nin rəhbəri Babayev Fərhad Vidadi oğlu adından Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzinə, ümumiyyətlə müraciət olunmayıb. Həmin şəxsin imzası ilə 20 iyun 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinə daxil olan teleqram isə Komitənin aidiyyəti qurumları tərəfindən 22 iyun 2020-ci il tarixdə cavablandırılıb və məktubda qaldırılan məsələnin Komitənin səlahiyyətlərinə aid olmadığı bildirilib. Üstəlik həmin şəxsə məsələyə hüquqi qiymət verilməsi üçün aiddiyəti qurumlara müraciət etmək də tövsiyə olunub.

Bir məsələni xüsusi vurğulamaq yerinə düşər ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin gömrük orqanları ilə təması gömrük rəsmiləşdirilməsi yekunlaşdırılaraq mallara buraxılış verildiyi anda başa çatır. "Grant Aqro Servis" MMC-nin də idxal etdiyi malların müvafiq əməliyyatlar həyata keçirilərək gömrük orqanı tərəfindən sahibinə verildiyini nəzərə alsaq demək ki, Fərhad Babayev adlı şəxs ya ünvanı səhv salıb ya da gömrük orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədi güdür.

Əks halda hər hansı fakta söykənmədən, qanuni əsas olmadan bəzi dırnaqarası saytlarda gömrük orqanlarını və onun əməkdaşlarını "özbaşınalıqda", sahibkarlara "maneə" yaratmaqda, müraciətlərə "etinasız" yanaşmaqda, hətta daha irəli gedərək Komitə rəhbərliyini hansısa dayanacaq sahibini himayədarlıqda ittiham etməyin başqa izahı yoxdur və gömrük orqanları bu məsələdə tərəf deyil.

Gömrük orqanlarının pandemiya dövründəki fəaliyyətinə gəlincə isə virusun yayıldığı ilk gündən etibarən həyatlarını təhlükə qarşısında qoyan gömrükçülər həm beynəlxalq ticarətin davamlılığının təmin olunması, həm də əhalinin təhlükəsizliyinin qorunması istiqamətində bütün səylərini səfərbər edib və görülən işlər biznes dairələri və beynəxalq təşkilatlar tərəfindən təqdirlə qarşılanır. Ünvanını səhv salanların əsassız iddiaları isə görülən işlər qarşısında ağ yalandan başqa bir şey deyil.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 İyun 2020 00:00
195