Dövlət Gömrük Komitəsi ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlığın perspektivləri müzakirə edilib
Dövlət Gömrük Komitəsi ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlığın perspektivləri müzakirə edilib
İyulun 9-da "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində alınmış nəqliyyat vasitələrinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən Dövlət Gömrük Komitəsinə təhvil verilməsi mərasimi keçirilib.
Onlayn formada keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BMTİP ilə ölkəmizin gömrük orqanları arasındakı səmərəli və işgüzar münasibətlərdən məmnunluqla söhbət açıb və əməkdaşlığın daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlar barədə danışan Komitə sədri tətbiq edilən yeniliklərin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, gömrük əməliyyatlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib. O da vurğulanıb ki, həyata keçirilən islahatlar şəffaflığın təmin olunmasında, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasında mühüm rol oynayıb.
Daha sonra Komitə sədri BMTİP-in dəstəyi ilə həyata keçirilən "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində görülən işlərdən bəhs edib. Bildirilib ki, layihə çərçivəsində sanitar, fitosanitar, baytarlıq nəzarəti sahəsində müasir nəzəri biliklərin əldə edilməsi məqsədilə gömrükçülər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları üçün keçirilən seminarlar bu sahədə sərhəd idarəçiliyinin daha da təkmilləşdirilməsinə, təhlükəsizliyin gücləndirilməsinə şərait yaradıb.
BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti Dövlət Gömrük Komitəsi ilə uzunmüddətli əməkdaşlıqdan danışıb, son illər ölkəmizdə gömrük sistemində aparılan islahatları yüksək qiymətləndirib. Bildirilib ki, iki qurum arasındakı işgüzar münasibətlər sərhədlərdə sanitar, fitosanitar, baytarlıq nəzarətinin və bu sahədəki qanunvericilik bazasının təkmilləşdirilməsinə, müasir idarəçilik prinsiplərinin tətbiqinə mühüm töhfə verib.
Daha sonra görüşdə yeni Gömrük Məcəlləsinin layihəsinin hazırlanması, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin strukturunun təkmilləşdirilməsi və maddi-texniki təchizatı, DGK Akademiyasının tədris proqramının təkmilləşdirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonda "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinə 10 ədəd avtomobil təqdim edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi