Gömrük Akademiyası konsorsium çərçivəsində Aİ-nin layihəsini qazanıb
Gömrük Akademiyası konsorsium çərçivəsində Aİ-nin layihəsini qazanıb
Dövlət Gömrük Komitəsinin Akademiyasının iştirak etdiyi üç illik Avropa İttifaqı Erasmus+ konsorsium layihəsi müsabiqənin qalibi seçilib. Gömrük Akademiyasının və səkkiz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə hazırlanmış "Work4CE" konsorsium layihə təklifi Avropa İttifaqının (Aİ) Eramus+ proqramının "Ali Təhsildə Potensialın Gücləndirilməsi" kateqoriyası üzrə qrant müsabiqəsinin qalibi olub.
Bu konsorsium layihəsinə Gömrük Akademiyası ilə yanaşı, Almaniyanın Dortmund Tətbiqi Elmlər Universiteti, Belçikanın Löven Katolik Universiteti, İspaniyanın Del Pais Vasko Universiteti, Ukraynanın Milli Zaporijiya Politexnik Universiteti, Ternopil Milli İqtisad Universiteti, Kiyev Milli Memarlıq və İnşaat Universiteti, həmçinin Azərbaycan Dövlət və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti də daxildir.
Layihə cari ilin noyabr ayında başlayacaq və 2023-cü ilin noyabr ayınadək davam edəcək. Dördüncü Sənaye İnqilabının ("Sənaye 4.0") tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə, rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların ("İşçi Qüvvəsi 4.0") müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması ("İş 4.0") hədəfinə xidmət edəcək və Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdiriləcək "Work4CE" layihəsi çərçivəsində konsorsiuma üzv ali təhsil müəssisələrində yeni tədris resursları, fənlərarası tədris planları və modullar hazırlanacaq. Həmçinin, tədris proqramlarının praktik dəyərini və məzunların işə qəbulunu yaxşılaşdırmaq üçün yeni (virtual) universitet - iş yeri əməkdaşlıqları qurulacaq.
Gömrük Akademiyasının bu layihədə iştirakının əsas hədəflərindən biri Azərbaycanda gömrük sahəsi üzrə təlim-tədrisin "Sənaye 4.0" və "İşçi Qüvvəsi 4.0" tələbatlarına, xüsusilə, milli gömrük qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi, həmçinin Azərbaycan gömrük xidməti orqanlarının peşəkar və ixtisaslaşmış gömrük kadrları ilə təminatını dəstəkləməkdir.
Bu baxımdan, Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr üzrə fəaliyyətində müxtəlif beynəlxalq təlim-tədris proqramları, o cümlədən Avropa İttifaqı proqramlarında iştirak əsas prioritetlərdən biridir. Bu sahədə cari yarım ildə və növbəti ildə bir çox təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.