Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Elektron və kağızsız ticarət" mövzusunda vebinar keçirilib

"Elektron və kağızsız ticarət" mövzusunda vebinar keçirilib

Sentyabrın 3-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində "Elektron və kağızsız ticarət" mövzusunda vebinar keçirilib.Vebinarda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov və Komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri təmsil ediblər.Tədbirdə əsas məqsəd Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı ölkələrində elektron ticarətə dair vəziyyət, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu və Asiya İnkişaf Bankı tərəfindən elektron ticarət üzrə qayda və qanunların araşdırılmasına dair nəticələrin təqdimatı, informasiya texnologiyaları infrastrukturu ilə əlaqəli gömrük problemləri və rəqəmsal platformalara dair tərəfdaş ölkələrin qlobal təşəbbüslərinin paylaşılması, eləcə də elektron ticarətlə bağlı daxili və sərhədyanı məsələləri müzakirə etmək olub.Vebinara CAREC üzv ölkələrinin (Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Çin) aidiyyəti qurumlarının nümayəndələri ilə yanaşı, BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyasının (UNCITRAL), Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və Asiya İnkişaf Bankının mütəxəssisləri qatılıb.Tədbirdə Asiya İnkişaf Bankının mütəxəssisi John Gregory "CAREC bölgəsindəki elektron ticarətə dair qayda və qanunlar", Ticarətin Asanlaşdırılması üzrə Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru Jonathan Kho "CAREC gömük agentliklərinin sərhədlərarası rəqəmsal və elektron ticarət üzrə imkanları", BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyasının(UNCITRAL)səlahiyyətli nümayəndəsi Luka Kastellani "CAREC bölgəsində kağızsız və elektron ticarət", BMT-nin Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyasının iqtisadi işlər üzrə nümayəndəsi Soo Hyun Kim "Elektron ticarət imkanlarından biri kimi kağızsız ticarət", Gürcüstan Gəlirlər Xidmətinin Beynəlxalq münasibətlər şöbəsinin məsləhətçisi Avtandil Çelidze Gürcüstanda elektron ticarətin inkişafı və təkmilləşdirilməsi ilə bağlı məsələlər haqqında çıxış edib, o cümlədən digər ölkələrin nümayəndələri öz ölkələrinin elektron ticarət sahəsindəki təcrübələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.Dövlət Gömrük Komitəsi adından çıxış edən Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov müasir ticarətdə elektron kommersiyanın vacibliyini və zərurətini qeyd edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verib.Qeyd edilib ki, sözügedən Qərarda nəzərdə tutulan poçt göndərişləri məsələləri beynəlxalq poçt göndərişləri haqqında qanunvericiliyə uyğun olaraq tənzimlənir. Dəyişikliyin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsi prosesini daha da təkmilləşdirəcəyi,"kölgə iqtisadiyyatı" ilə mübarizəyəvə qaçaqmalçılığın qarşısının alınmasına xidmət edəcəyi, eləcə dəbüdcə daxilolmalarında mühüm rol oynayacağı bildirilib.Vebinarda çıxış edən ekspertlər də ölkəmizin BMT-nin "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dairKonvensiya"sına üzv olmasının xüsusi əhəmiyyət kəsb etdiyini, buna müvafiq olaraq Dövlət Gömrük Komitəsi tərəfindən də mütəmadi olaraq elektron layihələrin həyata keçirildiyini diqqətə çatdırıblar.Nümunə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il üçün iş planında da Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat və Ədliyyə nazirliklərinə həvalə olunmuş "Xarici ticarət iştirakçılarının mərkəzləşdirilmiş elektron "bir pəncərə" sistemindən istifadəsi ilə bağlı məsələlər haqqında" layihəsininxarici ticarət əməliyyatlarının ticarətin asanlaşdırılması prinsipləri əsasında həyata keçirilməsi, xarici ticarət fəaliyyəti sahəsində şəffaflığın təmin edilməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi, inzibati maneələrin aradan qaldırılması, gömrük rəsmiləşdirilməsi zamanı dövlət nəzarəti orqanlarının işinin səmərəli koordinasiyası və dövlət sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinə dair sənəd və məlumatların xarici ticarət iştirakçıları tərəfindən vahid platforma üzərindən elektron qaydada təqdim olunması baxımından mühüm rol oynayacağı vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 Sentyabr 2020 00:00
195