Kosmetik vasitələrin arasında gizlədilən tibbi məmulatlar aşkara çıxarıldı (FOTO, VİDEO)
Kosmetik vasitələrin arasında gizlədilən tibbi məmulatlar aşkara çıxarıldı (FOTO, VİDEO)
Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42-BL-556/42-ZA-456 nömrə nişanlı yük avtomobilinə rentgen qurğusu ilə baxış keçirilib.
Yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər müşahidə edilib. Bu səbəbdən malların hər birinin fiziki yoxlanılması qərara alınıb.
Təkrar baxış zamanı avtomobilin yarımqoşqusunda daşınan "kosmetik vasitə" yüklərinin arasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 2942 ədəd müxtəlif adda tibbi təyinatlı gel, 18 qutu həb şəkilli və 10 ədəd flakonda maye halında olmaqla müxtəlif adda dərman vasitələri aşkar edilib.
Qeyd olunan malların Azərbaycan Respublikasının gömrük ərazisinə qanunsuz yollarla gətirilməsini təşkil edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi